Bugünlərdə Kanadanın xarici işlər naziri Melani Joli Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan bəyanatla çıxış edib.
Təəssüf ki, bu ölkənin rəsmiləri Ermənistanın 30 ilə yaxın hərbi təcavüzü zamanı azərbaycanlılara qarşı törədilən etnik təmizləmə, qırğınlar və cinayətlər barədə indiyədək susub, Qarabağdan olan 1 milyona yaxın məcburi köçkünün və Ermənistandan zorla deportasiya edilmiş şəxslərin vəziyyətinə və ayrılmaz hüquqlarına heç vaxt dəstək və maraq göstərməyiblər.
Bu azmış kimi Kanadanın öz tarixi keçmişi də yerli xalqlara qarşı etnik təmizləmələrə şahid olub. Yaxın keçmişdə Kanadanın Saskaçevan bölgəsində əsasən uşaqlara aid olan 751 işarəsiz məzar aşkar edilməsi hər kəsin yadındadır. Bu fakt Kanadada etnik və irqi təqiblərə dair daha dəhşətli sübutlar ortaya çıxardı.
Əsrlər boyu yerli xalqlar müasir Kanadadan tutmuş ABŞ və Meksikaya qədər Şimali Amerikanın hər yerində yaşayıb, sadə, təbiətə uyğun həyat tərzləri ilə qitədə hökmranlıq ediblər.
Lakin 16-cı əsrin sonunda Avropalı müstəmləkəçilərin bölgəyə gəlməsi ilə Şimali Amerikada vəziyyət kökündən dəyişib: Britaniya, İspaniya və Fransa imperiyaları qitənin geniş ərazilərini işğal etməyə başlayıb və yerli əhalini yeni qaydalara əməl etməyə məcbur ediblər.
Avropa müstəmləkəçiliyinin amansızlığı ucbatından əksər yerli əhali bu müstəmləkəçilərin silahlı hücumlarının qurbanı olaraq tədricən yoxa çıxıb.
Kanadanın yerli xalqları da bu qəddar müstəmləkə siyasətlərindən öz paylarını alıblar. Əvvəllər onlar indiki Kanada ərazisində yaşayan yeganə insanlar olsalar da, məcburi assimilyasiya siyasəti nəticəsində onların sayı əhəmiyyətli dərəcədə azalıb və hazırda ölkənin ümumi əhalisinin təxminən 5 faizini təşkil edir.
Katolik Kilsəsi tərəfindən idarə olunan Kanada internat məktəblərində yüzlərlə nişansız məzarın tapılması yerli xalqların assimilyasiya siyasətinin nəticələrini bir daha üzə çıxarıb.
Minlərlə yerli uşağın öz ailələrindən zorla ayrıldığı və qeyri-insani şəraitdə saxlandığı Kanada internat məktəblərindən uzun müddət yerli xalqı Avropa həyat tərzinə uyğunlaşdırmağa cəhd edilib. Bu internat məktəblərində tələyə düşmüş minlərlə yerli uşaq itkin düşüb, bir çox sağ qalanlar isə milli kimliklərini itiriblər.
Kanadanın assimilyasiya siyasəti İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyasının yəhudilərə qarşı Holokost siyasətini xatırladır. Lakin Almaniyadan fərqli olaraq, Kanadada bir çox yerli qəbilələrin yoxa çıxmasına, onların mədəniyyətinin və həyat tərzinin məhvinə görə məsuliyyət daşıyanları cəzalandırmaq üçün Nürnberq məhkəməsi olmayıb.
Bununla belə, 2008-ci ildə Kanada hökuməti ölkənin 150 internat məktəbində məcburi assimilyasiya təcrübəsini araşdırmaq üçün Milli Həqiqət və Barışıq Komissiyasının yaradılmasına icazə verib. Komissiya sonda bu təcrübənin "mədəni soyqırımı" təşkil etdiyi qənaətinə gəlib. Komissiya prezidentinin sözlərinə görə, 10 mindən çox uşaq bu internat məktəblərinə göndərildikdən sonra itkin düşüb.
Komissiyanın tövsiyələrinə baxmayaraq, 2009-cu ildə Kanada hökuməti itkin düşmüş yerli uşaqların tapılması üçün axtarış səylərini maliyyələşdirməkdən imtina edib. Castin Trüdonun Liberal hökuməti komissiyanın bütün tövsiyələrini ciddi qəbul edəcəyinə söz versə də, real irəliləyiş olmayıb.
Kanadanın yerli əhalisinin çoxsaylı müraciətlərinə baxmayaraq, Papa Fransisk Katolik Kilsəsinin internat məktəbləri ilə bağlı keçmiş sui-istifadələrinə görə üzr istəməkdən imtina edib.
Odur ki, belə bir tarixi keçmişi və bugünü olan Kanadanın Ermənistanı qınamaq əvəzinə Azərbaycana yol göstərməyə ən azından mənəvi haqqı yoxdur.