Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Gəldi, öz havasını çaldı və getdi
"Azərbaycanla Fransa arasında, demək olar ki, artıq dibə enmiş münasibətlərin indiki durumu haqqında artıq çox sözlər deyilib, çox şeylər yazılıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının növbəti süjetində deyilir.
"Biz dəfələrlə Fransa ilə münasibətlərin heç də həmişə bugünkü kimi olmadığını və Fransa dövlətinin əvvəlki liderlərinin dövründə Bakı ilə Paris arasında əlaqələrin, ən azı, görüntü olaraq, qarşılıqlı hörmət ab-havasında olduğu barədə Prezident İlham Əliyevin dediklərinə istinad etmişik. Məhz Yelisey sarayının indiki sahibinin dövründə bu münasibətlər pisləşməyə başladı və Azərbaycanın 2020-ci ildəki Vətən müharibəsində qələbəsindən dərhal sonra daha da korlanmağa doğru getdi.
Prezident İlham Əliyev hətta demişdi ki, biz Fransanın əvvəlki liderlərinin qapalı qapılar arxasında təkbətək nə danışdıqlarını bilmirdik, lakin onlar ATƏT-in Minsk Qrupunun həmsədrləri olduqları müddətdə, heç olmasa, ictimaiyyət qarşısında xarici neytrallığı qorumağa çalışırdılar. Biz yalnız təxmin edə bilərik ki, keçmişdə Azərbaycan ərazisinin böyük bir hissəsinin işğal altında olduğu və Bakının qeyri-bərabər başlanğıc şərtləri altında danışıqlar aparmaq məcburiyyətində qaldığı vaxtda, bəlkə də, maskanı çıxarmağa belə ehtiyac olmayıb, çünki bu, rəsmi Parisə sərf edə bilərdi. Yalnız Azərbaycanın müharibədə qələbəsi və Qərbə sərf edən status-kvonu məhv etməsi müəyyən qüvvələrin rahatlığını və sakitliyini pozdu və onları, necə deyərlər, zəncirlərindən qopmağa vadar etdi.
Təəccüblü oxşarlıqla, demək olar ki, indi fərqli bir istiqamətdən səda gəlib. Bir növ dejavü kimi. Bu günlərdə Polşa Prezidenti Anjey Duda siyasi axmaqlığı ilə tamamilə izaholunmaz addım atdı: Ermənistana səfəri zamanı o, Azərbaycanla şərti sərhədə getdi və ərazilərimizə binoklla baxdı. Azərbaycan dairələrində - istər rəsmi, istərsə də ictimaiyyətdə - bu hərəkət yumşaq desək, təəccüblə qarşılandı, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində reaksiyası və kütləvi informasiya vasitələrində dərc olunan bütün məqalələr sübut edir", - materialda qeyd olunur.
Daha ətraflı videoda: