"15 oktyabr 2003-cü il Milli Dövlətçilik tariximizin yeni mərhələsini təşkil edir. Çünki İlham Əliyev Azərbaycan Prezidenti seçilməklə dövlətçiliyimizin inkişafını həm hüquqi, həm siyasi, həm də iqtisadi baxımdan tamamilə yeni bir mərhələyə qaldırmağı bacardı".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, ötən dövrdə Azərbaycan Prezidenti güclü ordu, güclü dövlət, güclü iqtisadiyyat konsepsiyasına sadiq qalaraq, Azərbaycanı regionun lider ölkəsinə çevirib:
"Bundan sonra beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolu, gücü və nüfuzu artmağa başlayıb. Hər şeydən öncə bu, Azərbaycanın həyata keçirdiyi regional və qlobal nəqliyyat və kommunikasiya, eyni zamanda, enerji layihələri sayəsində mümkün olub. Beynəlxalq münasibətlər sistemində Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya sayəsində tərəfdaşlarımız artıb, Avropa İttifaqı kimi mühüm bir birlik Azərbaycanın bir nömrəli ticarət tərəfdaşına çevrilib. Eyni zamanda, strateji mövqeyimizin daha da gücləndirilməsi üçün addımlar atılıb. Çünki faktiki olaraq okeanlara və böyük dənizlərə çıxışı olmayan Azərbaycan, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm kommunikasiya layihələri ilə bu boşluğu doldurmağı bacarıb. Beləliklə, Azərbaycan dünya iqtisadiyyatının və siyasətinin maraq mərkəzinə yerləşib. Ən nəhayət, Çin Xalq Respublikası tərəfindən irəli sürülən "Bir kəmər bir yol" layihəsinə dəstək verməklə, ölkəmiz tarixi İpək yolunun orta dəhlizini təyin edən ölkəyə çevrilib".
"Təbii ki, sadalananlar məsələnin hamısı deyil. İlham Əliyevin prezidentliyi dövründə ölkəmizdə sosial dövlət fəlsəfəsinin daha da dərinləşməsi, ordu quruculuğunun həyata keçirilməsi, milli iqtisadiyyatın və hərbi sənayenin formalaşdırılması, ölkənin ərzaq təminatının gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsilin inkişafı və digər bu kimi çox mühüm və çoxşaxəli işlər görüldü. Nəhayət, Azərbaycanın ən böyük probleminin həll olunması üçün real hərbi-siyasi və iqtisadi imkanlar yarandı. Bu imkanların, yəni milli gücümüzün və beynəlxalq nüfuzumuzun bütün komponentlərinin səfərbər olması 44 günlük müharibədə böyük tarixi zəfərimizi təyin etdi. Bundan 3 il sonra isə 2023-cü ilin 15 oktyabrında Xankəndidə Azərbaycan Prezidenti üçrəngli bayrağımızı qaldırmaqla, suveren hüquqlarımızın hər qarış ərazimizdə təmin olunmasını bərpa etdi və yaxud da ki, yenidən yaratmış oldu. Azərbaycan Prezidenti üzərinə tarixi məsuliyyət götürərək, 200 illik yaşı olan bu terror yuvasını tamamilə Azərbaycanın sərhədlərindən kənara çıxarmağı bacardı", - deyə deputat vurğulayıb.
O əlavə edib ki, 2003-cü il oktyabr ayın 15-də nə baş verdiyinin əhəmiyyətini dərk eləmək üçün, 2023-cü il oktyabr ayının 15-də baş verən hadisəyə, yəni Azərbaycanın şanlı bayrağının Xankəndidə dalğalanmasına diqqət yetirməliyik:
"Yəni əgər 2003-cü il 15 oktyabrı olmasa idi, 2023-cü ilin 15 oktyabr hadisəsi də olmayacaqdı. Məsələ bu qədər bir-birinə bağlı, ardıcıl və komplimentardır".
Milli Məclisin deputat Vüqar Bayramov da Oxu.Az-a açıqlamasında İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrildiyini deyib:
"Nəzərə alsaq ki, cənab Prezidentin qeyd etdiyi kimi, məhz onun prezidentliyi dövründə əsas hədəflərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi idi ki, artıq Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bu gün Azərbaycanın bütün ərazilərində Azərbaycan bayrağı dalğalanır".
"Eyni zamanda, ötən müddət həm də iqtisadi inkişaf və sosial təminatın güclənməsi kimi yadda qaldı. Dollar ekvivalentində Azərbaycanda ümumi daxili məhsul (ÜDM) ötən müddətdə məhz 7 milyard dollardan 72 milyard dollara qədər yüksəldi, eyni zamanda, valyuta ehtiyatlarımız 2 milyard dollardan 70 milyard dollara qədər yüksəlib. Azərbaycan Cənubi Qafqazın aparıcı iqtisadi gücünə çevrilib", - deyə deputat vurğulayıb.
Millət vəkili hesab edir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı aparılan islahatlar, infrastrukturun genişləndirilməsi və bu istiqamətdə əldə edilən uğurlar Azərbaycana imkan verir ki, həm də kifayət qədər nüfuzlu və çoxsaylı beynəlxalq tədbirlərə ev sahiblik edək:
"Bu gün Azərbaycan COP29 kimi dünyanın iştirakçı sayı və status baxımından ən önəmli tədbirini keçirməyə hazırlaşır. Təbii ki, bu, Azərbaycanın İlham Əliyevin prezidentliyi dövründə əldə etdiyi uğuru və gücüdür. Bütün bunlar praktik olaraq ondan xəbər verir ki, məhz cənab Prezidentin prezidentliyi dövründə onun liderliyi ilə həyata keçirilən həm iqtisadi, həm siyasi islahatlar məhz Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsinə xidmət etdi".
"Bu müddət ərzində sosial təminatın gücləndirilməsi ilə bağlı kifayət qədər çoxsaylı proqramlar həyata keçirilib. Sosial paketlər dərinləşir və yalnız son 4 sosial paketə əlavə olaraq 7 milyard manatdan artıq vəsait xərclənib. Təbii ki, bu da Azərbaycanın sosial gücünü göstərən faktorlardan biridir. Bu baxımdan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da güclənir, möhkəmlənir və yeni dövrün yeni hədəflərinə uyğun olaraq biz növbəti dövrdə daha sürətli iqtisadi artım, daha güclü sosial təminat sistemini müşahidə edəcəyik", - deyə Bayramov fikrini yekunlaşdırıb.
Mərahim Nəsib