Bakıda COP29 çərçivəsində "Su, enerji, ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi" mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, iqlim dəyişmələri getdikcə su, ərzaq və ekosistemə daha çox təsir edir və iqlim dəyişmələri fonunda ən çox qarşılaşdığımız problemlərdən biri də su qıtlığıdır. O qeyd edib ki, dünya ölkələri ortaq su resurslarına malik olduğundan heç bir dövlət təklikdə bu problemin öhdəsindən gələ bilməz. "Ortaq su resursları birlikdə idarə olunmalıdır. Bu, təkcə ətraf mühiti deyil, insanların rifahını da yaxşılaşdıracaq. COP29 Sədrliyi iqlim fəaliyyətləri üçün su üzrə Bakı dialoquna start verib. Bu, bizim dayanaqlı gələcəyimiz üçün çox faydalı olacaq. Hər kəsi regional əməkdaşlığa, bilik və resursları paylaşmağa dəvət edirəm", - deyə nazir müavini vurğulayıb.
"Regional əməkdaşlıq üzrə perspektivlər" mövzusunda panel müzakirələrdə çıxışı zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını deyib. Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır və buna görə də, ərzaq istehsalı 2 dəfədən çox artırılmalıdır. FAO rəsmisinin sözlərinə görə, təbiətdən dayanıqlı istifadə edilməsə, böhranın qarşısını almaq mümkün olmayacaq.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi Dmitri Mariyasin çıxışında deyib ki, dünyada artıq gözlənilməz iqlim böhranları baş verir, qlobal su dövriyyəsi pozulur. Onun sözlərinə görə, bu da təchizat zəncirinə, ekosistemə mənfi təsir edir. İcraçı katib bu problemlərin gələcəkdə daha da artacağını əlavə edərək, iqlim dəyişikliyinin içməli və kənd təsərrüfatı sahəsində su qıtlığına gətirib çıxaracağını vurğulayıb. Bu baxımdan o, milli səviyyədə su üzrə qanunların qəbulunun və bu beynəlxalq səviyyədə əməkdaşlığın vacibliyini qeyd edib.
BMT Ətraf Mühit Proqramının Ekosistem Bölməsinin direktor müavini Bruno Pozzi, Dünya Meteorologiya Təşkilatının hidrologiya, su və kriosofer üzrə direktoru Stefan Uhlenbruk regional əməkdaşlığın əhəmiyyəti, su hövzələrinin birgə idarəsi barədə danışıblar.
"Sektorlararası əməkdaşlıqdan çıxarılan nəticələr" mövzusunda davam edən panel müzakirəsində Almaniya, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Braziliyadan olan rəsmilər su, ərzaq problemlərinin həllində sektorlararası əməkdaşlığın vacibliyini qeyd edib, təcrübələrini bölüşüblər.