Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və AŞPA-nın axmaqlığı
Prezident İlham Əliyevin sentyabrın 6-da İtaliyada Beynəlxalq Çernebbio Forumunda iştirakı və həm ölkəmiz, həm də bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan və həllini gözləyən bir sıra məsələlərlə bağlı mövqe ortaya qoyması, Azərbaycanın və liderinin milli və qlobal tendensiyalarla bağlı baxışlarını bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısının beynəlxalq forumda iki ümummilli məsələyə münasibət bildiriməsi xüsusi ilə diqqət çəkdi. Ölkə başçısı həm Avropa Şurası Parlament Assambleyasının (AŞPA) anti-Azərbaycan mövqeyinə mesaj xarakterli fikir bildirdi, həm də Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırdı. Paralellik aparanda da açıq-aydın görmək mümkündür ki, Rusiya qazı Avropdan gedəndən sonra, Azərbaycan əleyhinə qərəzli fəaliyyət göstərən AŞPA və digər Avropa təşkilatları, həmçinin ölkələri Azərbaycanın aparıcı rolundan bərk yapışmaq əvəzinə, əksinə, özlərinin əleyhinə olan absurd mövqe sərgiləyirlər.
Misal üçün qeyd etmək yerinə düşər ki, bu gün Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Sloveniya Azərbaycandan qaz alır. Son olaraq Xarvatiya və Slovakiyanın da bu sıraya qoşulması ilə Azərbaycandan qaz alan ölkələrin sayı 10-a çatıb. Digər ölkələrin də bu siyahıda yer alması istiqamətində işlər aparılır ki, bu da ölkəmizin beynəlxalq miqyasda hansı aparıcı rola və nüfuza malik olduğunu bir daha nümayiş etdirir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Sahil Kərimli bildirib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının dondurulması birbaşa olaraq ölkəmizə qarşı düşmənçilik və qərəzli mövqedən irəli gələn addım idi:
"Təbii ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı öz qətiyyətli və sərt mövqeyini daim birmənalı şəkildə ifadə edib. Sentyabrın 6-da Prezidenti İlham Əliyevin İtaliyada Beynəlxalq Çernebbio Forumunda iştirakı zamanı səsləndirdiyi fikirlər də bu məsələ ilə bağlı ölkəmizin mövqeyini bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, Azərbaycan dövləti də bununla bağlı öz qətiyyətli addımlarını daim həyata keçirir."
"Ona görə də AŞPA-nın Azərbaycan əleyhinə səs verən ermənipərəst deputatlarının ölkəmizə girişinin qadağan edilməsi çox düzgün və ədalətli qərardır. Bundan sonra da həmin deputatların ölkəmizə girişinin qadağan edilməsi məsələsi gündəmdə olacaq. Nə qədər ki, Azərbaycan nümayəndə heyətinin mandatına qoyulan veto aradan qaldırılmayıb, təbii ki, bu deputatların ölkəmizə səfərləri də məhdudlaşdırılacaq və yalnız Azərbaycana qarşı müsbət addım atılarsa, Azərbaycan nümayəndə heyətinin mandatına qoyulan qadağa aradan qaldırılarsa, onlara qarşı da qadağanın aradan qaldırılması məsələsinə baxıla bilər", - deyə şərhçi vurğulayıb.
Müsahibimizin gəldiyi qənaətə görə, son dövrlərdə Avropa da daxil olmaqla, Qərb dairələri Azərbaycana qarşı bu cür məkrli və ədalətsiz mövqe nümayiş etdirirlər: "Onların əsas məqsədi Ermənistana dəstək verməklə, bundan Azərbaycana qarşı hansısa bir təzyiq vasitəsi kimi istifadə etməkdir. Elə Ermənistanın silahlandırılması, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkindirilməsi də bu məkrli siyasətin tərkib hissələrindən biridir".
İqtisadçı-alim Emin Qəribli isə Oxu.Az-a açıqlamasında Azərbaycanın ixrac potensialından danışıb: "Bir çox ölkələr bu prosesdə əvvəlcə istehlakçı kimi iştirak edirdisə, sonradan onların ərazisindən digər ölkələrə qaz da ixrac olunur ki, bu da əlavə bir dividenddir. Ona görə də sözügedən ölkələr bu prosesdə çox həvəslə iştirak edirlər. Hətta Yunanıstan vasitəsi ilə konnektorlar qaz ixrac edəndə görürük ki, investorlar buna əvvəllər elə də maraq göstərmirdilərsə, indi əksinə olaraq onlar arasında mübarizə başlayıb. Deməli, biz qaz ixrac etdiyimiz ölkələrin sayını nə qədər artırsaq, bir o qədər də əməkdaşlarımızın sayı çoxalacaq. Bəs, əməkdaşlıq nə deməkdir? İstənilən mövsümdə biz onlara enerji ixrac edəcəyiksə, onlar bizim enerjiyə ehtiyac duyacaq və bizim tərəfdaşımıza çevriləcəklər. Yəni, bu, bir aksiomdur - sabit ticari münasibətlər artdıqca ölkələr arasında münasibətlər də artır. Ona görə də bu müsbət haldır".
"Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, biz həm də Trans-Adriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətini artırmalıyıq. Qeyd etmək yerinə düşər ki, TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulub və bunun üçün, əlavə investisiya lazımdır. Ona görə də Avropa İttifaqı ilə də danışıqlar aparılacaq və müxtəlif şirkətlər investisiya yatıracaqlar. Biz artıq görürük ki, ilbəil TAP-ın həcmi artırılır və bu rəqəm 20 milyard kilometrə qədər çatdırılmalıdır. Bu isə 2027-ci ilə qədər nəzərdə tutulub. Xüsusən də Ukrayna vasitəsilə Avropaya qazın ixrac olunmasında problemlər yaranıb ki, bu baxımdan Azərbaycandan qaz alan Avropa ölkələri qeyd etdiyim məsələlərə daha həssas yanaşacaqlar. Çünki bu proseslərin həyata keçirilməsi həm bizim, həm də digər ölkələr üçün əlverişli olacaq və dayanaqlılığı təmin edəcək", - alim deyib.
Mərahim Nəsib
"Avropa Şurası Parlament Assambleyası (AŞPA)" teqi üzrə xəbərlər
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
- Parisin Bakıya "cırtdanlar"la hücumu - "Saman çöpündən yapışan" Makron
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
- İlin ən əhəmiyyətli tədbiri - "Bakının düşmənləri reallığı dəyişə bilməyəcəklər"
- Milli Məclisdə AŞPA nümayəndə heyəti YARADILMADI