Azərbaycan istər iqtisadi, istərsə də siyasi cəhətdən bir-birinə əks mövqedə dayanan mərkəzlərlə əməkdaşlığı çox ustalıqla həyata keçirir. Bu siyasətin əsasında ölkənin ali rəhbərliyinin üstün diplomatik bacarığa və zəkaya sahib olması dayanır.
"Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam təmin etməsinin bir çox yeni imkanlar açdığı şəksizdir. Bu, qələbə nəticəsində bölgəmizdə yaradılan yeni reallıqlar fonunda yürüdülən siyasətin müxtəlif konturlarında da açıq şəkildə özünü büruzə verir. Xüsusilə də regional və qlobal əməkdaşlıq sahəsində.
Bakının yeni hədəfləri
Son bir ayda Azərbaycan ali rəhbərliyinin iştirakı ilə istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda mühüm görüşlər və müzakirələr aparılıb. Son olaraq Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısında iştirak edib. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinin Almaniya, Böyük Britaniya, Çexiya, Macarıstan və digər ölkələrin dövlət və hökumət başçıları, NATO, Avropa İttifaqı rəhbərləri ilə ikitərəfli görüşləri reallaşıb. Bu görüşlərdə bir daha ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyinin təminindəki rolu xüsusi qeyd edilib, Azərbaycanın Cənubi Qafqazda reallaşdırdığı sülh gündəliyinə dəstək ifadə olunub. Zirvə toplantısı çərçivəsində "Enerji və bağlantı" mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırıb. Bu, çox böyük məsuliyyətdir: "Əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq".
Dövlət başçısı deyib ki, bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. "İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir", - Prezident İlham Əliyev bildirib.
Beləliklə, bu səfər çərçivəsində növbəti dəfə ölkənin milli maraqlarına xidmət edən Bakının xarici siyasət konsepsiyasının beynəlxalq səviyyədə artıq qəbul edildiyinin şahidi olduq.
Qərblə Şərqi birləşdirən mərkəz
Prezident İlham Əliyevin Böyük Britaniya səfəri Bakının siyasi rəhbərliyinin yaxın keçmişdəki beynəlxalq və regional təmasları fonunda dəyərləndirildikdə ölkəmizin diplomatik fəallığının miqyasının genişliyi xüsusilə nəzərə çarpır. Qeyd edək ki, son bir ayda Prezident İlham Əliyev ikinci dəfə ali qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən zirvə toplantısına qatılıb. Bu səfər Bakının tək Qərbin yox, eləcə də Şərqin geosiyasi və qlobal planlarında mühüm mövqeyə malik olduğunun təsdiqidir. Hazırda dünya siyasətini formalaşdıran əsas siyasi və iqtisadi güc mərkəzlərindən hesab edilən Çinlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalaması ölkəmizin beynəlxalq platformalardakı mövqeyini daha da sağlamlaşdırır. Bakının istər regional, istərsə də beynəlxalq təşəbbüslərinə dünya miqyasında dəstəyin yeni bir mərhələyə qədəm qoyduğunu söyləməyə əsas verir.
Yeni əməkdaşlıq platforması
Bu siyahıya Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və Qarabağ Bəyannaməsinin imzalanmasını, Azərbaycan Prezidentinin bu günlərdə müsəlman dünyasında yeganə nüvə gücü olan Pakistana dövlət səfərini də əlavə edə bilərik. Əslində bu iki proses Azərbaycanın xarici siyasətində yeni əməkdaşlıq platformasının qurulması istiqamətində növbəti təşəbbüs kimi qiymətləndirilə bilər. Astanada Pakistan-Türkiyə-Azərbaycan üçlü müzakirələrinin ardınca Prezident İlham Əliyevin İslamabada səfəri zamanı Orta Dəhlizin tranzit imkanlarının müzakirəsi Türkiyə-Azərbaycan-Mərkəzi Asiya-Pakistan platformasının nəzərdən keçirildiyini söyləməyə əsas verir.
Diplomatik bacarıq və üstün zəka
Bakı indi də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən, qlobal ticarət zəncirində payını əhəmiyyətli dərəcədə artıran BRİKS-lə münasibətlərinin gücləndirilməsi imkanlarını araşdırır, bu təşkilata üzvlükdə maraqlı olduğunu bəyan edir. Göründüyü kimi, Azərbaycan qərblə ənənəvi enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı, həm də iqtisadi cəhətdən yeni bazarlara çıxış üçün tam əks istiqamətdə fəaliyyətini genişləndirir. Burada diqqət yetirilməli olan xüsusi məqam ondan ibarətdir ki, rəsmi Bakı istər iqtisadi, istərsə də siyasi cəhətdən bir-birinə əks mövqedə dayanan bu mərkəzlərlə əməkdaşlıq kursunu çox ustalıqla, maraqların toqquşmasına imkan vermədən həyata keçirir. Bu siyasətin əsasında isə Azərbaycanın ali rəhbərliyinin diplomatik bacarıq və üstün zəkaya sahib olması dayanır. Buraya regional əməkdaşlıq istiqamətində atılan addımları da əlavə edərik. İranda səfirliyimizin yenidən fəaliyyətə başlaması, Tehranla əməkdaşlıqda yeni bir səhifənin açılması da diqqətəlayiqdir.
Qarşıda COP29 var
Göründüyü kimi, son dörd ildə Azərbaycan artıq tam müstəqil xarici siyasət həyata keçirir. Bu istiqamətdə qarşısındakı ən böyük əngəl sayılan 30 illik işğal faktına son qoyulması Bakının sahib olduğu istər iqtisadi, istərsə də siyasi potensialını geniş miqyasda dünyaya təqdim etməsi ayrı-ayrı beynəlxalq güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır. İndi isə qarşıda COP29 sammiti dayanır. Bu sammitin əsas gündəliyi və şüarı da elə Bakının həyata keçirdiyi beynəlxalq əməkdaşlıq kursuna tam uyğundur: Qlobal şimalla qlobal cənub arasında konsensusun əldə edilməsi. Dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatına sədrlik zamanı nümayiş etdirilən liderlik keyfiyyəti COP29 çərçivəsində qarşıya qoyulan hədəflərə də nail olunacağını söyləməyə əsas verir.