Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hollivudda 80-dən çox aktrisanı zorlayan rejissor "antisanitariya"ya görə həbsxananı məhkəməyə verir
Hollivudun məşhur prodüseri, çoxsaylı seksual xarakterli cinayətlərə görə məhkum edilmiş Harvi Vaynşteyn Nyu-York şəhərinə qarşı məhkəmə iddiası qaldırıb. O, Raykers adasındakı həbsxanada antisanitar şərait və keyfiyyətsiz tibbi yardımla üzləşdiyini iddia edərək beş milyon dollar (8.5 milyon manat) təzminat tələb edir.
Oxu.Az-ın "Associated Press"ə istinadla verdiyi məlumata görə, bu barədə Vaynşteynin vəkili İmran Ənsari xəbər verib.
Onun sözlərinə görə, nadir sümük iliyi xərçəngi - xroniki miyeloleykoz xəstəliyindən əziyyət çəkən məhkum qeyri-münasib şəraitdə saxlanılır. Vəkil otaqda temperaturun aşağı olduğunu, təmiz paltarın verilmədiyini qeyd edir.
"Onu son dəfə ziyarət edəndə həbsxana paltarında qan ləkələri gördüm - ehtimal ki, sistemlərdən idi. Paltar həftələrlə yuyulmayıb. Ona hətta təmiz alt paltarı da verilməyib", - deyə vəkil narazılığını bildirib.
Ənsari Nyu-York həbsxanasını məhbusların dəhşətli şəraitdə saxlanıldığı SSRİ-nin QULAQ islah-əmək düşərgəsi ilə müqayisə edib. O bildirib ki, belə şərait ağır xəstəliyi olan insan üçün uyğun deyil.
İddiada, həmçinin qeyd olunur ki, prodüser tam sağalmadan hər dəfə həbsxanaya qaytarılıb.
Qeyd edək ki, oktyabrda Vaynşteynin sümük iliyində nadir xərçəng forması - xroniki miyeloleykoz aşkar edilib. Səhhətindəki problemlərə görə prodüser 2024-cü ilin iyul və aprel aylarında xəstəxanaya yerləşdirilib.
Vaynşteyn ətrafında qalmaqal 2017-ci ildə 80-dən çox aktrisanın ona qarşı cinsi təcavüz ittihamları irəli sürməsi ilə başlayıb. Bu ifşalar #MeToo hərəkatının katalizatoru olub.
2020-ci ildə prodüser Nyu-York məhkəməsi tərəfindən cinsi zorakılıq ittihamlarına görə 23 il həbs cəzasına məhkum edilib. Daha sonra Los-Anceles məhkəməsi zorlama işi üzrə onun cəzasına daha 16 il əlavə edib.
Rəylər