Bu gün Fred Asif kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı Asif Məhərrəmovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. Asif on bir uşağı olan böyük bir ailənin ilki idi. Uşaqlığı yoxsulluq içində keçib.
1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirib, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.
1971-ci il oktyabrın 31-də Ağdam kinoteatrında davada iştirakına görə onu həbs ediblər. Asifə iki il iş kəsilsə də, səkkiz ay həbsxanada yatıb.
O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı müdafiə dəstələri, 1991-ci ildə "Haqq Cəbhəsi" batalyonunu yaradıb. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. 1991-ci il dekabrın 31-də Xramort (Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd) kəndinin azad edilməsində xüsusilə fərqlənib.
Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, oradakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib və bundan sonra oradakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikası müdafiə naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilib. Asifin hərbi təhsili olmamasına baxmayaraq, o, 859 saylı həmin batalyonun ilk komandiri olub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il martın 7-də 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci ildə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib.
Aranzəmini azad edən zaman Asif maraqlı taktika qurmuşdu - artilleriya atəşi vaxtı kəndə girmək. Artilleriya atəşi vaxtı düşmən sığınacaqda gizlənmədiyindən, Asif maşınla kəndə gedir. Bu vaxt Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev yaxınlıqdakı yüksəklikdən kəndi müşahidə edir, əməliyyat fikirləşirmiş. Mirzəyev görür ki, bir UAZ atəş altında kəndə girdi. Atəş dayanan kimi batalyon da arxasınca gedir. Batalyonun itkisiz kəndə daxil olduğunu görən Şirin Mirzəyev deyir: "Bu hərəkəti ancaq fanat edə bilərdi".
24 iyun 1992-ci il Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə Asif ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurub, onun maşınını aşırırlar. Asifin ağciyəri ciddi zədələnir və ağzından qan gəlir. Asifi üç gün Ağdamda saxlayırlar.
Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna gedir. O zaman ən uzun çıxışı Asif edir, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırır.
1993-cü il iyul ayının 23-də, axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalırlar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıdır. Vəziyyəti daha da pisləşir. O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyindən əziyyət çəkirdi.
1993-cü il oktyabrın 27-də Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə daha da ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.
Asif Məhərrəmov 1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Azər adlı oğlu var.
Asif Məhərrəmova "Fred" ləqəbini 1970-ci illərdə yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.
Bakıda onun şərəfinə küçə adlandırılıb. 2008-ci ildən Fred Asif adına İnkişaf Fondu fəaliyyət göstərir.
1993-cü il dekabrın 7-də Asif Yusif oğlu Məhərrəmova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina edir. Onun cavabı çox qəti olur:
"Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyib, öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".
Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.
Rəylər