Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şirin Məlikova: "Əjdaha" ovlayırdım, alman dilerə ona görə ikiqat qiymət demişdilər"
Bir il əvvəl Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru dəyişdi. Bu vəzifəyə əvvəllər Azərbaycan Milli Xalça Muzeyinə rəhbərlik edən Şirin Məlikova təyin edildi.
Bununla əlaqədar Oxu.Az Şirin Məlikova ilə söhbət edib və görülən işlər barədə məlumat alıb.
- Şirin xanım, 2016-cı ildən Xalça Muzeyinin direktoru idiniz. Bir il əvvəl isə İncəsənət Muzeyinin direktoru oldunuz. Bu muzeylərin idarə edilməsində fərq varmı?
- Bəli, əlbəttə, çox böyük fərq var.
Ümumilikdə dekorativ-tətbiqi sənət muzeyi olmasına rəğmən, Xalça Muzeyi kifayət qədər dar ixtisaslıdır və diqqət məhz xalçaya, Azərbaycan xalçasına yönəlib. Bu illər ərzində biz kolleksiyanın zənginləşdirilməsi üçün müəyyən strategiya formalaşdırdıq. Xalçadan əlavə, milli geyim və tikmə də bizi maraqlandırırdı. Məsələn, XVIII və hətta XVII əsrlərə aid Azərbaycan tikmələrinin unikal nümunələri əldə edilmişdi.
Bu illər ərzində Azərbaycan xalçaçılığının şah əsərləri alınıb. Yeri gəlmişkən, Xalça Muzeyi tarixində və ümumilikdə bizim kolleksiyalarımızda bu xalçalar ən qədim və unikaldır.
Lakin paralel olaraq, biz zərgərlik sənəti kolleksiyalarını da zənginləşdirirdik, hərraclardan Qacarlar dövrünə aid inanılmaz gözəl və nadir boyunbağılar əldə etdik. Belələri ölkəmizin heç bir muzeyində yoxdur. Biz milli geyim əşyaları, keramika və metal əşyalar alırdıq... Yəni bütün kolleksiyalarımızı zənginləşdirirdik, amma mənim işimdə əsas yeri Azərbaycan xalçaları tuturdu. Əsasən, əjdaha ornamentli xalçaları "ovlayırdım".
Xüsusilə vurğulamaq istərdim ki, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və mesenatların köməyilə muzeyimiz bu illər ərzində qiymətli əşyaları geri qaytara bildi.
Bu təkcə hərraclar deyildi, həm də şəxsi kolleksiyaçılarla iş, uzun danışıqlar prosesi, gözləmə müddəti, sponsorların axtarışı idi, mən bu əşyaların başqa əllərə keçməməsi üçün nəbzi tutmağa çalışırdım...
Milli İncəsənət Muzeyinin direktoru təyin olunmazdan əvvəl biz XVII əsrə aid unikal əjdaha ornamentli xalçanın təqdimatını etdik. Mən onu təxminən üç il, bəlkə də, daha çox gözləmişdim. O, Münhendəki alman dilerin kolleksiyasında idi və bizdə onunla belə bir razılaşma var idi ki, mən sponsor tapana qədər xalça heç yerə getməyəcək. Digər dilerlər ona ikiqat qiymət təklif etsələr də, o başa düşürdü ki, bu əşya Xalça Muzeyində olmalıdır, öz vətəninə qayıtmalıdır. Təqdimata dünyanın aparıcı xalça eksperti Alberto Boralevi gəlmişdi və o demişdi ki, bu illər ərzində kolleksiya tədqiqatçılar üçün böyük maraq kəsb etməyə başlayıb və muzeyi bununla bağlı təbrik etdi.
Məndə elə bir hiss var idi ki, mən öz missiyamı yerinə yetirmişəm, yəni muzeydən yerinə yetirilmiş borc hissi ilə ayrıldım. Bu mənim üçün çox vacib idi, çünki İncəsənət Muzeyi artıq tamamilə başqa inkişaf trayektoriyasıdır, bu, tamamilə başqa bir dünyadır, bu bütövlükdə incəsənət dünyasıdır və əlbəttə ki, o, hüdudsuzdur, sonsuzdur.
- Dünyanın bir çox muzeylərində Azərbaycana məxsus eksponatlar var, amma təəssüf ki, onlar çox vaxt orada özgə adlar altında saxlanılır. Bildiyim qədər, siz eksponatların ölkəmizə məxsus olduğunu sübut etməklə də məşğul olmusunuz. Bu barədə daha ətraflı danışa bilərsinizmi?
- Bəli, biz ekspozisiyalarda atribusiya və etiketləri dəyişə bildik. Bu istiqamətdə çoxlu maarifləndirici və tədqiqat layihələri həyata keçirdik.
Məncə, ən vacib məqamlardan biri İstanbuldakı Türk və İslam İncəsənəti Muzeyində Azərbaycan xalçaları kolleksiyasının tədqiqidir ki, bu da məhz xalçaçılıq tarixi baxımından böyük maraq doğurur, çünki XVII əsrin ən yaxşı əjdaha ornamentli xalça nümunələri orada saxlanılır. Nəticədə bu xalçaların texniki və bədii xüsusiyyətlərini ətraflı şəkildə açıqlayan bir kitab nəşr edildi.
İstanbul muzeyinin kolleksiyasını araşdırmaq cəhdi ilk deyildi. Türk tədqiqatçı Serara Yetkin 1978-ci ildə bu kolleksiyanı əhatə edən "Qafqaz xalçaları" kitabını nəşr etmişdi. Lakin təəssüf ki, sonradan heç bir xüsusi araşdırma aparılmadı, hətta elmi-tədqiqat ədəbiyyatında belə nəşrlər olmadı və bu xalçalar sərgilənmədi, bütün bu müddət ərzində muzeyin fondunda saxlanıldı və demək olar ki, unuduldu. Onlar hətta rəqəmsallaşdırılmamışdı. Nə vaxtsa, 1978-ci ildə ağ-qara fotoşəkillər çəkilmişdi. Amma aydındır ki, bu gün ağ-qara fotoşəkillərlə tədqiqat aparmaq nonsensdir. Ona görə də biz ilk növbədə bütün bu kolleksiyanı rəqəmsallaşdırdıq, bəzi eksponatların bərpası məsələsini qaldırdıq. Sonra bir neçə il davam edən böyük sərgi təşkil edildi.
Nəhayət, 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun 43-cü sessiyası çərçivəsində Luvr kolleksiyasından Azərbaycan, Qarabağ xalçalarını gətirdiyimiz sərgini də əlamətdar hadisə adlandırmaq istərdim. O, misligörünməmiş hadisə idi.
- Siz Luvr, Dövlət Ermitajı, adını çəkdiyiniz Türk və İslam İncəsənəti Muzeyi kimi xarici muzeylərlə fəal əməkdaşlıq edirsiniz. Bu cür əməkdaşlıq nə verir?
- Birincisi, bu həmişə bir-birinə olan maraq, kolleksiyalara olan maraqdır. Dediyim kimi, Türk və İslam İncəsənəti Muzeyi çox qiymətli Azərbaycan xalçası kolleksiyasına malikdir. Müvafiq olaraq, bu muzeylə dostluq etmək bizim üçün zəruridir. Eyni şeyi Ermitaj və bizim əşyalarımızın olduğu dünyanın digər muzeyləri haqqında da deyə bilərəm. Amma dostluq təkcə bundan ibarət deyil. Bu həmişə təcrübə mübadiləsi, yeni maraqlı elmi-tədqiqat layihələrinin yaranması, həmişə çox maraqlı sərgi planları, təlimlər, mütəxəssislərin başqa ölkədəki həmkarlarının iş təcrübəsini mənimsəmək imkanı və atribusiya üzərində işdir.
Məsələn, bizim İncəsənət Muzeyimizi "kiçik Ermitaj" adlandırmaq olar. Bu, dünya incəsənətinin ən qiymətli kolleksiyasıdır və Azərbaycanda ikinci belə muzey yoxdur. Bizim muzeyə gələrkən, siz təkcə Tunc dövründən başlayaraq müasir dövrə qədər Azərbaycan incəsənətinə baxmırsınız. Çünki bizim eksponatlarımız təkcə tətbiqi sənəti deyil, təsviri sənəti də əhatə edir ki, bu, özlüyündə vacib məqamdır. Yəni burada siz miniatürlər, Qacar dövrünün rəssamlığı, XIX əsr Azərbaycan rəssamlarının əsərləri və əlbəttə ki, bütün XX əsri görə bilərsiniz. Bundan əlavə, intibah dövrünün, barokko, rokoko əsərlərini, yəni bütün dövrlərin Avropa rəssamlığını görmək olar. Bizdə gözəl rus avanqard kolleksiyası, ümumiyyətlə, rus incəsənəti var. Bizim çox yaxşı Uzaq Şərq kolleksiyamız var, hətta Puşkin Muzeyinin tökmələrində Qədim Dünya təmsil olunub. Başa düşürsünüz, Azərbaycanda bir muzeydə bütün dünyanı əhatə edə biləcəyiniz başqa belə imkan yoxdur.
Bu kolleksiyalar, həqiqətən, çox dəyərlidir. Onlar keçən əsrin 20-30-40-cı illərdə formalaşıb, bu əsərlər Dövlət Ermitajı, Rus Muzeyi, Tretyakov Qalereyası, Puşkin Muzeyinin fondlarından müttəfiq respublikalara verilib. Və müvafiq olaraq, bizim muzeydə bu eksponatların əksəriyyəti məhz böyük Rusiya muzeylərinin fondlarındandır.
Bu əsərlərin bir çoxu bu gün də elmi tədqiqat üçün böyük maraq doğurmağa davam edir, çünki onlar hələ tam atribusiya edilməyib. Bizdə çox sayda naməlum müəllif var. Bu yaxınlarda biz məhz Dövlət Ermitajına məktubla müraciət etdik. Onlarla əməkdaşlıq müqaviləsi imzalamışıq.
Ermitaja XVIII əsr italyan rəssamlığı üzrə aparıcı mütəxəssisi ölkəmizə dəvət etmək xahişi ilə müraciət etdik, çünki bizdə atribusiya edilməmiş bir neçə əsər var. Bu mövzuda yazışmalarımız gedirdi və birdən Moskvadan çox məşhur mütəxəssis - Viktoriya Emmanuilovna Markova mənə zəng etdi. O bildirdi ki, hazırda "İtalyan natürmortu" kitabı üzərində işləyir, bizim kolleksiyada bir əsər var və o, müəllifin kim olduğunu bilir. Natürmort bizdə flamand məktəbinin naməlum rəssamının əsəri kimi qeyd olunub. Amma məlum oldu ki, o, italyan rəssam Karlo Manyerinin əsəridir! Onun tədqiqatları zamanı məlum oldu ki, cüt yaradılmış əsər Ermitajda saxlanılır, bu əsər isə 1938-ci ildə bizim muzeyə verilib.
İndi əsərin müəllifi, tarixi var və o, flamand zalından italyan zalına köçəcək. Biz bu kitabın nəşrini gözləyirik. Dekabrın 4-də onun təqdimatı olacaq. Biz Viktoriya Markovanı muzeyə dəvət etdik. O, böyük həvəslə cavab verdi və apreldə səfər planlaşdırır.
Demək istəyirəm ki, bax buna şəbəkə işi, beynəlxalq əməkdaşlıq deyilir. Sadəcə, biz bir-birimiz haqqında bilməliyik, belə möhtəşəm kəşflər etmək üçün daim bir-birimizlə sıx ünsiyyətdə olmalıyıq.
- 2019-cu ildən sizin təşəbbüsünüzlə Xalça Muzeyinin ekspozisiyası görmə, eşitmə və hərəkət məhdudiyyətli insanlar üçün uyğunlaşdırıldı. Sizin "Sərhədsiz muzey" layihəniz xarici ekspertlər tərəfindən də yüksək qiymətləndirildi. Siz oxşar layihəni İncəsənət Muzeyində də həyata keçirməyi planlaşdırırsınız?
- Bu, Azərbaycanda Xalça Muzeyində başladığımız ilk proqram idi. Misli görünməmiş bir proqramdır, hətta onu patentləşdirdik. Biz relyefli xalçalar hazırlamağa başladıq və görmə problemi olan insanlar müxtəlif naxışları hiss edə və Brayl əlifbası ilə onlar haqqında oxuya bilərlər.
Layihə bizim muzeyimizin nou-hausu idi. Bütün bunlar ənənəvi toxuculuq texnologiyalarının bərpası məqsədi daşıyan ənənəvi texnologiyalar şöbəmizdə toxunurdu.
Proqram Ermitajın böyük marağına səbəb oldu. Məhz bunun sayəsində Xalça Muzeyi Ermitajla əməkdaşlıq etməyə başladı. Biz ən qədim xalça - 2 500 yaşı olan Pazırık xalçasının taktil variantlarını hazırladıq. Ermitaj xətti ilə bu möhtəşəm sərgi dünyanın müxtəlif ölkələrində böyük uğurla keçirilir.
Əlbəttə ki, muzey hər kəsin özünü rahat hiss etməli olduğu açıq və hamı üçün əlçatan məkandır. Bu şəraiti isə biz yaratmalıyıq. İndi biz bu proqramı artıq Milli İncəsənət Muzeyində tətbiq edəcəyik. Keçən il XIX-XX əsr görkəmli rəssamlarımızın bir neçə taktil rəsm və qrafika əsərlərinin təqdim olunduğu sərgi təşkil etdik, indi isə qədim incəsənət üzrə daimi ekspozisiyanın yenidən təşkili ilə məşğuluq ki, burada mütləq görmə məhdudiyyətli insanlar üçün taktil eksponatlar və Brayl şriftləri tətbiq edəcəyik. Bu, zəruri məzmundur və ilk dəfə olaraq artıq Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasında olacaq.
- Bəs siz ümumiyyətlə İncəsənət Muzeyinin direktoru vəzifəsinə təyin olunmağınızı gözləyirdiniz?
- Əlbəttə ki, yox. (gülür) Bu, çox gözlənilməz və mənim üçün çox maraqlı idi. Yeni bir çağırış idi və mən onu məmnuniyyətlə qəbul etdim, çünki bu muzeyi çox sevirəm və dediyim kimi, o, sonsuz imkanlar verir. Burada siz dar bir mövzuya fokuslanmırsınız, burada bütün incəsənət növlərinin genişliyi var. Mən gələn kimi bütün bu növləri birləşdirməyə başladım. Biz çoxlu paralel layihələrə başladıq. Birincisi, ən sevdiyim əsas layihələrimizdən biri "Uşaqlar üçün incəsənət tarixi"dir. Mən uşaqları və ümumiyyətlə gəncləri çox sevirəm. Düşünürəm ki, onlarla çox işləmək və muzeylərdə tərbiyə etmək lazımdır. Bütün valideynlər bunu aydın başa düşməlidirlər. Bu layihə onlara incəsənət dünyasına dalma imkanı verir, çünki biz onlarla Qədim Misirdən başlayırıq (kolleksiyamızda Qədim Misir əşyalarının qəlibləri var), sonra antik dövrü öyrənirik, Avropa incəsənətinin müxtəlif dövrləri, böyük üslublar haqqında və əlbəttə ki, Azərbaycan haqqında danışırıq... Bütün bunlar çox maraqlı mühazirələr, teatr tamaşaları, ustad dərsləri, oyun proqramları ilə müşayiət olunur. Uşaqlar bunu çox sevirlər, onlar muzeyə bir-iki dəfə deyil, ailələri ilə gəlirlər və bu, əladır.
Paralel olaraq "Muzeydə kino" layihəmiz davam edir. Bu, Azərbaycan rəssamları və ümumiyyətlə mədəniyyət xadimləri haqqında filmlərə baxmağa imkan verir. Həftəsonları film nümayişləri təşkil edirik. Hesab edirəm ki, bu istiqamət çox tələbolunandır.
Fəxr edə biləcəyimiz digər layihə "Muzeydə musiqi"dir. Biz hətta muzeyin iş qrafikini dəyişdik, çərşənbə günləri saat 12:00-dan 21:00-dək işləyirik. İndi çoxları bilirlər ki, saat 19:00-da muzeydə konsert olur. Bunlar tematik konsertlərdir, "Səttar" zalında muğam gecələri, "De Bur malikanəsi"ndə klassik musiqi səslənir. Konsertlər qısa tematik ekskursiyalarla müşayiət olunur, məsələn, əgər Motsart musiqisi ifa olunursa, biz muzeyimizin ekspozisiyasında həmin dövrə baxırıq. Bu layihəni həyata keçirmək imkanına görə Mədəniyyət Nazirliyinə, bütün musiqi qurumlarımıza - Beynəlxalq Muğam Mərkəzinə, Bakı Musiqi Akademiyasına, Opera və Balet Teatrına, Filarmoniyaya, il ərzində bizdə bu axşamları keçirən musiqiçilərimizə təşəkkür edirəm.
Bütün bu layihələrimiz pulsuzdur, hamı üçündür. Bu, hər kəsə muzeyə gəlmək imkanı verir. Bizdə, həmçinin, pulsuz mühazirələr keçirilir.
- Sizin üçün muzey nədir? Tərifini necə verərdiniz?
- Muzeylərin missiyası keçmişin yaddaşını qorumaq və ötürmək, zövq formalaşdırmaq, mədəniyyəti daşımaq, humanist ideyaların carçısı olmaq, mədəniyyət və incəsənət ocağı olmaq, güc və ilham məkanı olmaqdır.
Muzeylər ən mühüm missiyanı daşıyır - incəsənət, elm və texnika, mədəniyyətin ən görkəmli nümunələri əsasında onlar keçmişi şərh edir, onun qavranılması konsepsiyasını formalaşdırır, tarixi araşdırır və yeni mənalarını dərk edir, onu müasir zamanla əlaqələndirir. Muzeylər zövq formalaşdırır, gözəllik hissini tərbiyə edir - axı onlar şedevrlərin qoruyucularıdır, yalnız muzeylərdə kiçik məkanda müxtəlif sivilizasiyaların və dövrlərin artefaktlarını görmək olar.
- Siz həm də təkcə paytaxtın müxtəlif məkanlarında deyil, ondan kənarda da sərgilərlə yadda qalan kurator kimi tanınırsınız...
- Bəli, mən Heydər Əliyev Fondu ilə əməkdaşlıq etmişəm və biz birlikdə 2013, 2015, 2017-ci illərdə Venesiya biennalesində xeyli sərgi, Avropanın ən yaxşı muzey qurumları və sərgi qalereyalarında nümayiş etdirilən, Azərbaycan rəssamlarının üç nəslini təqdim edən ilk "Fly to Baku" möhtəşəm sərgisini təşkil etmişik. Bir çox digər layihələr, Azərbaycan Mədəniyyəti Günləri və s. də olub.
- Bilirəm ki, siz Xalça Muzeyində sərgilər təşkil edirdiniz. İndi İncəsənət Muzeyində də sərgilər təşkil edirsiniz?
- Bəli, əlbəttə. Bizdə COP29 çərçivəsində görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş sərgi açılıb. Hamıya onu ziyarət etməyi tövsiyə edirəm. Bizdə Bəhlulzadənin rəngkarlıq və qrafika əsərlərinin ən böyük kolleksiyası var.
Bizdə, həmçinin, Vəcihə Səmədovanın 100 illiyinə həsr olunmuş sərgi keçirilir, burada onun ən yaxşı əsərləri nümayiş olunur və onlar bizim muzeydə saxlanılır. Orada həm də multimedia kontenti təqdim olunub.
- Hazırda qonaqları muzeydə daha nə gözləyir?
- Bizdə keçən əsrin 20-80-ci illərinin Azərbaycan rəngkarlığı və qrafikasının yenilənmiş ekspozisiyası var. Burada Azərbaycan dəzgah rəngkarlığının tarixinin başlandığı unikal əsərlər nümayiş olunur.
Bizdə, həmçinin, rəssam Məmməd Mustafayevin kiçik, amma gözəl sərgisi keçirilir. Və dediyim kimi, biz qədim dövrə aid daimi ekspozisiyamızı yeniləyirik və düşünürəm ki, bu ilin sonunda onu təqdim edəcəyik. Sonra biz nonkonformistlərin ekspozisiyasına hazırlaşacağıq, çünki bizdə yaradıcılığını çox sevdiyim bu rəssamların əsərlərinin möhtəşəm kolleksiyası var.
Firəngiz Ağalarova
Daha çox foto burada: PhotoStock.Az
"Xalça muzeyi" teqi üzrə xəbərlər
- Milli Xalça Muzeyinə direktor təyin olundu
- Azərbaycan Milli Xalça Muzeyində "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız" sərgisi açılıb - FOTO
- Albaniyanın birinci xanımı Xalça Muzeyi ilə tanış olub - FOTO
- Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının fəaliyyəti 31 ildən sonra bərpa edilib - FOTO
- Azərbaycan Milli Xalça Muzeyi uşaqlar üçün festival keçirəcək - FOTO
Rəylər