"Yeni nəsil televiziyanı tanımır - hər nə qədər acınacaqlı olsa da. Şəhər tipi ümumiyyətlə tanımır. Bölgələrdə, internetin az çatdığı yerlərdə qismən tanıyırlar. Onlar da bir dövrdə transformasiya olunurlar şəhər mühitinə və onlar da televiziya ilə ünsiyyəti bacarmırlar. Niyə? Çünki uşaq anadan doğulub özünü dərk etməyə başlayanda əlinə bir planşet verirlər, onun dostu həmin o planşet, ya smartfon olur. Ona görə bu cihazların, qurğuların içərisində, təbii ki, televiziya öz rolunu tədricən itirir".
Bunu Oxu.Az-a videomüsahibəsində Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli deyib.
Müsahibədən bəzi hissələri yazılı şəkildə təqdim edirik. Ətraflı videoformatda tanış ola bilərsiniz:
- Qulu müəllim, mətbuat sahəsində söz sahibi olan insanlardan birisiniz. Ona görə başlamaq istəyirəm dəyərləndirmədən. Bu gün Qulu Məhərrəmli mətbuatı necə dəyərləndirir?
- İndi mətbuat çox ümumi anlayışa çevrilib. Əvvəl mətbuat deyəndə təkcə yazılı mətbuat nəzərdə tutulurdu. İndi media anlayışı mətbuatı itələyib sıradan çıxarıb, amma yenə də bunları paralel işlədirlər. Ona görə də mətbuata birmənalı şəkildə "yaxşıdır", yaxud "pisdir" demək bir az ədalətsizlik olur. Çünki yaxşı mətbu orqanlar da var, yaxşı jurnalistlər də var, jurnalistikaya zidd fəaliyyət göstərən mətbu orqanlar və jurnalist deməyə adamın dili gəlməyən "yazıb-pozanlar" da var. Sual yarana bilər ki, mətbuatın qiymətləndirilməsinin meyarı nədir, hansı kriteriyalara görə qiymətləndiririk ki, bu yaxşı mətbuatdır, bu yaxşı mətbuat deyil?
Yəqin, bilirsiniz, dünyada iki kateqoriya var - keyfiyyətli mətbuat və keyfiyyətsiz mətbuat. Məsələn, dünyada TOP10-a daxil olan qəzetlər - "The Washington Post", "The Guardian" keyfiyyətli media sayılır. Nəyə görə? Jurnalistikanın prinsiplərinə, dəyərlərinə etimad və etiqadla yanaşdıqlarına görə.
Bir də var boz mətbuat, bulvar mətbuatı, sarı mətbuat, arabanın beşinci təkəri kimi fəaliyyət göstərən, təşviqat vərəqələri buraxan mətbuat və s. Yəni hər hansı media qurumunun cəmiyyətə faydası dəyirsə, o cəmiyyəti doğru-dürüst məlumatlandırırsa və insanların öz şəxsi həyatları üçün qərar çıxarmasına kömək edə bilirsə, bu, keyfiyyətli mətbuatdır. Bu baxımdan, Azərbaycan mətbuatının haradasa 20-30%-ni keyfiyyətli media hesab etmək olar. Yerdə qalanlar da çalışır, maaş alırlar, amma onların cəmiyyətə, jurnalistikaya, məlumatlandırma işinə nə dərəcədə faydası var məsələsi üzərində xeyli düşünmək lazımdır (gülümsəyir).
- Bu gün medianın cəmiyyətə təsir gücünü qənaətbəxş hesab edirsinizmi?
- Bu gün cəmiyyət anlayışının özü, media prizmasından baxanda, çox parçalanmış seqmentdir. Yəni məsələn, adamlar var ki, yaşlı qisim, onlar internetə girə bilmir, amma televiziyaya baxırlar, köşkə nadir hallarda gedib qəzet alırlar. Bu gün həm də meydanda sosial şəbəkələr var.
Məsələn, dörd il əvvəl ABŞ-də prezident seçkisindən sonra Trampın sosial şəbəkə vasitəsilə cəmiyyəti hərəkət etdirməsi göstərdi ki, sosial şəbəkələrin cəmiyyətə təsiri daha çoxdur. Klassik şərtlər, əlbəttə, öz yerində qalır. Məsələn, tutaq ki, Avropa Birliyi ölkələrinə daxil olan 40-dan çox dövlət, 600-700 milyondan çox əhalinin 70-80%-i informasiyanı televiziyadan, qəzetlərdən alır. Yəni televiziya daha operativdir, qəzet daha çox analitik yazılar verir. İndi Avropada ortaya çıxan yeni mütəfəkkirlər var ki, onlar kommunikasiya ilə bağlı daha çox işləyirlər deyə keçmişlə gələcəyin arasındakı o informasiya körpüsünün üstündə olan prosesləri daha dəqiq görürlər.
Məsələn, Umberto Ekonun məşhur bir fikri var - o deyirdi ki, televiziya operativdir, qəzet daha çox analitika üçündür. Həqiqət var bu fikirdə. Çünki jurnalistikada belə bölünüb ki, o şey ki hadisəni yerindən, radio və televiziya vasitəsilə birbaşa yayımlaya bilir, o, operativdir. Amma hər operativ olan şey də doğru deyil (gülümsəyir). Necə ki bizim hər gördüyümüz həqiqət deyil.
Operativ verilən məlumatların mahiyyəti var, izahı var, prosesin səbəbləri var və onları qəzet analitikası çatdırır. Ona görə bu gün "qəzet ölür" deyə düşünmək də doğru deyil. Əlbəttə, qəzet əvvəlki tirajla satılmır, amma intellektual insanlar üçün o tələbat qalır.
Məsələn, bu gün bizdə "ASAN Radio" açılıb. O, dövlət xidmətləri sahəsində ilk təcrübədir və insafən, çox yaxşı təcrübədir.
Yaponiyada isə xüsusi qəzet var. Həmin qəzet dövlət qərarlarını çap edir. Onu pulsuz şəkildə paylayırlar mənzillərə, səhəri gün gəlib köhnə qəzeti götürüb yenisini qoyurlar onun yerinə. Yəni əhalini rəsmi məlumatlarla maarifləndirirlər.
Medianın əsas missiyalarından biri də odur ki, cəmiyyəti normal şəkildə məlumatlandırsın, analitik izahlar, şərhlər versin və dəyərləndirmə aparsın. Belə olduğu halda media istər-istəməz ictimai rəyə təsir edə bilir.
İnformasiya az olanda birqütblü media cəmiyyətə daha çox təsir edə bilir, amma informasiya axını bol olanda və cəmiyyətin intellektual gücü, imkanları yüksək olanda onu bəsit televiziya verilişləri ilə aldatmaq, bəsit televiziya xəbərləri ilə çaşdırmaq olmur. Niyə? Çünki artıq onun alternativ informasiya kanalları var. Bu baxımdan, cəmiyyətə təsirin özünün də imkanları yüksək deyil. Ona görə bu məsələlərdən danışanda biz mütləq şəkildə qeyd etməliyik ki, cəmiyyətə təsir baxımından indi sosial şəbəkələrin gücü və təsiri getdikcə artır.
- Qeyd etdiniz ki, televiziya operativ informasiya vasitələrindən biridir. Eyni zamanda, köşklərdən qəzetlərin alınması məsələsinə də toxundunuz. Burada bir nazik xətt var - sovet dövrünü görən sizin nəslin və hazırda 20 yaşı olan nəslin mediaya yanaşması. Sizə elə gəlmirmi ki, yeni nəsil televiziyadan və yaxud qəzetdən nəsə gözləmir?
- Yeni nəsil televiziyanı tanımır, nə qədər acınacaqlı olsa da. Şəhər tipi ümumiyyətlə tanımır. Bölgələrdə, internetin az çatdığı yerlərdə qismən tanıyırlar. Niyə? Çünki uşaq anadan doğulub özünü dərk etməyə başlayanda əlinə bir planşet verirlər, onun dostu həmin o planşet, ya ağıllı telefon olur. Bu cihazların, qurğuların içərisində, təbii ki, televiziya öz rolunu tədricən itirir. Burada cəmiyyətin, texnoloji mühitin və idarəçiliyin televiziya ilə əlaqəsinin də rolu var.
Məsələn, bayaq Avropa ölkələrindən misal çəkdim. Orada hamı BBC televiziyasını normal media platforması sayır və dəqiq xəbərləri ondan alır. CNN olduqca operativdir. Yəni bu iki xəttin üstündə gedir mübarizə. Necə olmalıdır - CNN kimi operativ, yoxsa BBC kimi təmkinli və dəqiq?
Əslində, belə baxanda, hər ikisi vacibdir, amma dəqiqlik daha önəmlidir. Çünki biz qərarı dəqiq məlumat əsasında çıxarırıq - onu tez verdin, ya gec verdin, rol oynamır. Doğru məlumat verdin, yoxsa yanlış məlumat verdin? - Məsələni bu həll edir. Ona görə də 20 yaşlılarla bizim nəsil arasında fərq böyükdür. Onların çoxu məlumatı telefonlardan alırlar.
Məsələn, mənim nəvəmin 19 yaşı var, mən televiziyada xəbərlərə baxanda ona qəribə gəlir ki, bunların hamısı saytlarda var da, sən buna niyə vaxt itirib baxırsan? (gülümsəyir)
- Qəzetlərlə bağlı nə düşünürsünüz? Qəzetlərimizin bugünkü vəziyyəti aydındır. Qəzet köşklərimiz yarmarkaya oxşayır. Qəzet, demək olar ki, satılmır, səyyar satışı da ləğv olundu, yığışdırıldı. Bu gün sosial medianın ön planda olduğu bir vaxtda qəzetləri yaşatmağın bir yolu varmı? Niyə "The Washington Post"u hamı gözləyir, amma bizim qəzetləri gözləmirlər?
- Bu fikir əvvəldən də var idi. Daha çox televiziya yarananda belə həyəcan dalğası yaşadı cəmiyyət. Fransız sosioloqu var, Jan Otto, o yazırdı ki, hər dəfə yeni vasitə yarananda hesab edirdilər ki, özündən əvvəlki vasitəni öldürəcək. Məsələn, kino çıxanda hamı deyirdi ki, vəssalam, teatr batdı, heç kim teatra getməyəcək. Amma kino çəkildi, göstərildi, teatr da yeni tamaşalarla davam etdi. Radio çıxanda dedilər ki, qəzet də öldü, artıq hər şeyi oradan eşidəcəyik. Amma məlum oldu ki, elə deyil. Televiziya çıxanda isə dedilər ki, radio daha kimə lazımdır ki, həm göstərirlər, həm də deyirlər. İndiki internet dönəmində də hamı fikirləşir ki, o öləcək, bu öləcək. Heç nə ölmür, heç nə itmir. Maddə kütləsinin itməməsi qanunu var - heç nə itmir, formanı dəyişə bilir.
On il əvvəl ABŞ-də olanda gördüm ki, qəzetlər necə internet səhifələri ilə işləyirlər, aralarında necə əlaqə yaradırlar. Məsələn, vacib, informativ materialları saytda verirlər, sonra deyirlər, hadisənin nəticələrini bilmək istəyirsinizsə, qəzetimizdə bunun ardı var.
Yəni beyin çevikliyi olmalıdır ki, o intellektual həmlədə sən formaları tapasan. Yaxşı qəzet yaşayacaq. Ölkədə müstəqil qəzetə ehtiyac var. Sizi inandırım ki, əgər qəzet yaxşı yazılar versə, o qəzet oxunacaq. Bizdəki qəzetlərin çoxu sanki təşviqat vərəqələridir. Baxırsan ki, görəsən buna niyə pul verirlər, bunu niyə çıxardırlar ki? Əlbəttə ki, babat qəzetlər də var, çalışırlar, filan edirlər. Yenə deyirəm ki, qəzetlərin müstəqilliyi olsa, müstəqil maliyyə mənbələri olsa, onlar, bəlkə də, bu böhrandan çıxa bilərlər. Çünki asılılıq böhranı daha da dərinləşdirir. Ona görə də düşünmürəm ki, qəzetlər məhv olub gedəcəklər, amma peşəkarlıq və maliyyə imkanları olmasa, əlbəttə, qəzetlərin qara günləri hələ qabaqdadır.
- Bu məsələdə ön planda, yəqin ki, yenə də jurnalist peşəkarlığını görürsünüz. Jurnalistin peşəkarlıq pilləsimi deyim, zəncirimi deyim, necə qurulur? Hansı jurnalistə peşəkar demək olar? Yoxsa peşəkarlıq da prizmaya görə dəyişir?
- Yox, peşəkarlıq anlayışı dəyişmir. Peşəkarlıq, əslində, çox geniş anlayışdır. Peşəkar təkcə bilik və bacarıqları olan adam deyil. Məsələn, filankəs yaxşı xəbər oxuyur, yaxud yaxşı reportyordur deyəndə hələ onu peşəkar adlandırmaq olmaz. Çünki onun görünən və görünməyən tərəfləri var.
Əvvəla, baxmaq lazımdır ki, onun təmsil olunduğu media qurumu peşəkar çalışırmı, standartlara cavab verirmi?
Əgər xəbəri düz çatdıra bilirlərsə, qərəzsizlik varsa, xəbər dəyərləri varsa, xəbərin parametrləri öz yerindədirsə, dili, üslubu və s. qaydasındadırsa, ikinci bir tərəfdən, etik problemlər, hüquqi problemlər öz həllini tapır, təbliğat yoxdur, qaydalar gözlənilirsə - bu, artıq peşəkar fəaliyyətdir.
Hər adam peşəkar ola bilməz. Biri yaxşı jurnalist ola bilər, yaxşı yaza bilər, amma daxili azadlığı yoxdursa, özünü ifadə edə bilmirsə, o jurnalistin şəxsi keyfiyyətləri parlaq görünmürsə, onun peşəkarlıq cəhəti axsamış kimi olur.
Yəni necə ola bilər ki, bir peşəkara sən deyəsən ki, bu yalanı yaxşı düzəlt, ver. O, onu peşəkarcasına düzəldə bilirsə belə, yenə də peşəkar jurnalist sayıla bilməz, çünki jurnalistikanın prinsipinə xəyanət edir - həqiqəti gizlədir, yalanı üstə çıxardır və ona müəyyən don geyindirərək çatdırır. O, artıq manipulyasiyanın peşəkarıdır. Amma peşəkar jurnalist o deməkdir ki, o, bütün qaydalara riayət edir.
- Özünüz neçə ildir, bu sahədə çalışırsınız, jurnalistikadan dərs deyirsiniz tələbələrə. Peşəkarlıq nöqteyi-nəzərdən necə dəyərləndirirsiniz müasir jurnalistləri?
- Bizdə 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində, Azərbaycanın müstəqilliyi ərəfəsində sıxılmış enerjinin üzə çıxması nəticəsində jurnalistikanın digər keyfiyyətlərini cəmiyyət görmüş oldu, o cümlədən jurnalistikanın əsas prinsipi olan həqiqəti demək keyfiyyətini. Gördü və ondan yapışdı.
Məsələn, Nəcəf Nəcəfovun "Molodyoj Azerbaydjana" qəzeti, Məmməd İsmayılın rəhbərliyi ilə "Gənclik" jurnalı, başqa qeyri-leqal nəşrlər və s. Camaat informasiyanı artıq onlarda axtarırdı. Yəni ki, jurnalistikanın birinci işi həqiqəti, gerçəyi olduğu kimi çatdırmaq idi. Bu baxımdan, 1990-cı illərin ortalarında peşəkar media daha üstün idi, daha çox idi və o dalğa yeni nəsil jurnalistlər yetişdirdi - o cümlədən də sizin nəsli. Siz özünüzdən əvvəlkilərə də baxa bildiniz, öz müasirlərinizə də baxa bilirsiniz, özünüzdən sonra gələnlərə də baxa bilirsiniz. Yəni sizin nəsil həm köhnə, yaxşı ənənəni götürə bildi, həm yeni texnologiyanı əxz etdi, həm də bilik və bacarıqları tətbiq edərək prinsiplərə uyğunlaşdı və gözəl jurnalist kimi yetişə bildi.
Əlbəttə ki, peşəkarlıq baxımından parlaq jurnalistlər həmişə olub, bu gün də var. Amma say, miqyas, görünüş, performans - bunlar fərqlidir. Məsələn, 1990-cı illərin sonları ilə indiki dövrü müqayisə etsək, əlbəttə ki, mən üstünlüyü o dövrə verərdim.
- Sizcə, o dövrdən bu dövrə nə dəyişdi?
- Çox şey... Birinci növbədə jurnalistlərin baxışı dəyişdi. İkincisi, jurnalistlərin davranışına sosial və məişət problemləri dəhşətli şəkildə təsir etməyə başladı, üçüncüsü, jurnalistlərin daxili azadlığı məhdudlaşmağa başladı. Bilərəkdən daxili senzura müəyyən bir çərçivə almağa başladı və bu, onların jurnalist fəaliyyətinə, həqiqəti demək hissinə ciddi şəkildə təsir etdi.
Bilirsiniz, peşəkarlıqla daxili azadlıq arasında harmoniya yaranmayanda jurnalist məğlub olur. Bilirsiniz ki, mən uzun müddət AzTV-də işləmişəm. O hissləri yaşadığım üçün deyirəm ki, dövlət televiziyasında işləmək heç də pis jurnalist olmaq deyil və yaxud müxalifət mətbuatında çalışmaq heç də yaxşı jurnalist olmaq demək deyil. Baxın, o dövrdə müxalifət mətbuatında çalışan jurnalistlərin hansı sona qədər o prosesləri apara bildi? Yəni burada bayaq dediyim daxili azadlıqlar, mənəvi kriterilər, üstəgəl, reallıq rol oynayır. Bizim mediamız, bizim jurnalistlərimiz daha çox yaşadığı cəmiyyətin rəngini götürür. Cəmiyyətin davranışını əxlaqını, onun təbiətini və s.
- Jurnalist cəmiyyətə diktə etməlidir?
- Bilirsiniz, medianın diktə etmək funksiyası yoxdur, amma nəzarət etmək funksiyası var (gülümsəyir). Məsələn, bizim Prezident də tez-tez ictimai nəzarətdən danışır. Bu, çox dəqiq ifadədir. Çünki media ictimai nəzarətçidir. Xalqın adından hakimiyyət üzərində ictimai nəzarətçidir. Projektor medianın əlindədir. O, bütün künc-bucağı işıqlandırmalıdır: nöqsanlar haradadır - burada korrupsiya var, orada rüşvətxorluq var, əhalinin incidilməsi var və sair və ilaxırı meydana çıxaran media, jurnalistlər olmalıdır. İndi mən sizdən soruşuram ki, bunu bizim yeni nəsil jurnalistlər edə bilir, yoxsa yox? (gülümsəyir). Bunun üçün jurnalist azad olmalıdır, müstəqil olmalıdır, peşəkar olmalıdır. Bax, o dediyiniz peşəkarlıq və azadlıq bir yerdə olanda gözəl bir mənzərə yaradır.
Ümumiyyətlə, mətbuatın anatomiyası mürəkkəb olduğu qədər də sadədir. Jurnalistika yazıçılıq kimi ruhun vəziyyətidir. Yəni sən tənqid edə bilirsənsə, deməli, sən həm də dövlətə kömək edirsən.
Baxın, Üzeyir Hacıbəyov 1918-ci ildə "Azərbaycan" qəzetinin baş redaktoru olanda deyirdi ki, biz nə istəyirik? Nədən yazmaq istəyirik? Ümumiyyətlə, media, jurnalist nədən yazmalıdır? "Birincisi - Vətən abadlığı, ikincisi - millət səlamətliyi, camaat firavanlığı, dövlət intizamı və bunlarla yanaşı, üstəgəl istiqlaliyyət, istiqlaliyyət, istiqlaliyyət".
Gördüyünüz kimi, eyni prinsiplərdir. Bizə kim mane olur ki, bu məsələlərdən yazmağa? O baxımdan hesab edirəm ki, indiki dövrün reallıqları içində bizə mənəvi irs kimi qoyulan o prinsiplərdən istifadə edə bilərik. Əlbəttə, reallıqlar da nəzərə alınır, ondan qaçmaq mümkün deyil (gülümsəyir).
Biz hərdən tələbələrlə müəyyən təcrübə aparırıq. Təsəvvür edirsinizmi ki, bu gün araşdırma jurnalistikasına meyil edən yoxdur. Bilirsiniz niyə? Çünki o sahə əziyyət tələb edir, orada müəyyən qədər cəsarət lazımdır axı. Halbuki, biz nöqsanları tənqid edəndə cəmiyyətin, dövlətin möhkəmlənməsinə daha çox fayda veririk. O baxımdan, hesab edirəm ki, media özünün əsas funksiyasını unutmamalıdır.
- Qulu müəllim, bu, bir az "atalar və oğullar" məsələsi kimi oldu. Məsələn, sizin də təmsil olunduğunuz bizdən böyük nəsil, bizim nəsli qeyri-peşəkarlıqda günahlandırır. Amma maraqlıdır, sanki bizdən böyük nəslin nümayəndələri özlərinə sual vermirlər ki, yaxşı, bəs kim yetişdirdi bunları? Yəni adətən, deyirlər, nə tökərsən aşına, o çıxar qaşığına, amma sizin nəsil qətiyyən etiraf etmək istəmir ki, bu, bizim qazana tökdüyümüzdür. Doğrudanmı bu gün medianın bəyənmədiyiniz sahəsində, yaxud da mediada bəyənmədiyiniz istiqamətdə fəaliyyət göstərən jurnalistlərin yetişməsində və ya meydanda olmasında sizin heç bir rolunuz yoxdur?
Ətraflı videomüsahibədə:
"Yeni nəsil televiziyanı tanımır - hər nə qədər acınacaqlı olsa da. Şəhər tipi ümumiyyətlə tanımır. Bölgələrdə, internetin az çatdığı yerlərdə qismən tanıyırlar. Onlar da bir dövrdə transformasiya olunurlar şəhər mühitinə və onlar da televiziya ilə ünsiyyəti bacarmırlar. Niyə? Çünki uşaq anadan doğulub özünü dərk etməyə başlayanda əlinə bir planşet verirlər, onun dostu həmin o planşet, ya smartfon olur. Ona görə bu cihazların, qurğuların içərisində, təbii ki, televiziya öz rolunu tədricən itirir".
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər