Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Ermənistanın aqibəti Ukraynadan ağır olacaq" - Vaşinqtonun İrəvan planının pərdəarxası
Rusiyanın müttəfiqi Ermənistan Amerika Birləşmiş Ştatlarında axtardığı yeni təhlükəsizlik qarantiyası fonunda Vaşinqtonla ənənə halını alan növbəti hərbi təlimlərə start verib. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin, eləcə də Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak ediblər.
Görünür, ABŞ başda olmaqla kollektiv Qərbin Ermənistana vəd etdiyi və ara-sıra hərbi təlimlərlə özünü büruzə verən təhlükəsizlik tədbirləri İrəvana yeni mesaj xarakteri daşıyır ki, ABŞ Ermənistan üçün götürdüyü öhdəliyə sadiqdir.
Üstəlik, bu dəstəyin başqa bir nümunəsi ABŞ-nin Ermənistanda atom elektrik stansiyalarını istismara vermək planıdır. Halbuki, Ermənistanın elektrik şəbəkəsi Rusiyanın nəzarəti altındadır və Birləşmiş Ştatların bundan hansı formada istifadə edə biləcəyi də sual doğurur. O da sirr deyil ki, Qərb istənilən vaxt istənilən müttəfiqini yarı yolda qoymaq potensialına malikdir və Ağ Evin İrəvana dəstəyinin pərdəarxasında hansı məqamların dayandığını yenidən gündəmə gətirir. Yəni silsilə xarakteri daşıyan bu tədbirlər Ermənistanın təhlükəsizliyini özündə ehtiva edən əməkdaşlığın təcəssümüdür, yoxsa verilən vədlərə don geyindirməkdən başqa bir şey deyil?
Oxu.Az-ın suallarını cavablandıran politoloq Rəşad Bayramovun sözlərinə görə, ABŞ-nin Ermənistanla birgə hərbi təlimlər qərarı olduqca absurddur:
- Belə ki, hələ də rəsmi olaraq KTMT üzvü olan, yəni başqa sözlə desək, Rusiyanın lideri olduğu bir hərbi Alyansın üzvü olmaqda davam edən bir dövlətlə hərbi təlimlər keçirmək və bununla da həmin ölkənin hərbi cəhətdən möhkəmləndirilməsinə xidmət etmək heç bir halda başadüşülən deyil. Eynilə Fransanın faktiki olaraq NATO silahlarını və texnikasını Ermənistana ötürməsi kimi, bu tip təlimlərlə bağlı qərarların qəbulu da əslinə baxdıqda yanlışdır. Mən hələ Ermənistanın davamlı olaraq silahlandırılmasını və bu cür təlimlərin regionda sülhə töhfə vermədiyini, əksinə, revanşistlərin iştahasını artırdığını bir tərəfə qoyuram.
İstər ABŞ, istərsə də Fransa başa düşməlidirlər ki, daimi hakimiyyətlər olmur. Xüsusilə iqtisadi cəhətdən Rusiyadan bu qədər asılı vəziyyətdə olan bir dövlətdə hakimiyyət dəyişikliyi və hakimiyyətə Rusiyaya yaxın bir adamın gəlmə ehtimalı hər zaman yüksəkdir. Odur ki, indi Ermənistanın NATO silahları ilə təchiz edilməsi və hərbi təlimlərlə peşəkarlığının artırılması sabah NATO-Rusiya qarşıdurmasına onların özünə qarşı işləyə bilər.
- Belə çıxır ki, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyən güclər öz məqsədlərinə çatmaq üçün bu cür avantüranı da özləri üçün məqbul hesab edirlər?
- Rusiya ilə münasibətlərin kəsilməsi üçün Ermənistana davamlı təzyiqlər edən ABŞ, təbii ki, bunun müqabilində Ermənistan üçün nələrisə etməlidir. ABŞ-nin Ermənistanın enerji təhlükəsizliyinin təmin olunması üçün çabalarının ardınca birgə hərbi təlimlər də keçirməsi Ermənistan ictimaiyyətinə ABŞ-nin təhlükəsizlik zəmanəti verməsi ilə bağlı mesaj kimi qəbul oluna bilər. Amma təbii ki, ABŞ kimi bir güc hər hansı addım atarkən ilk növbədə öz maraqlarından çıxış edir. Elə bu səpkili təlimlərdə də məqsəd, bir tərəfdən, Ermənistanla Rusiya arasında daha dərin uçurum yaratmağa, digər tərəfdən isə ABŞ ordusunun yerli şəraiti daha yaxşı mənimsəməsinə hesablanıb.
Heç kəsə sirr deyil ki, həm Birləşmiş Ştatların, həm də Fransanın əsas məqsədlərindən biri Rusiyadan boşalacaq yeri tutmaqdan ibarətdir. Başqa sözlə desək, Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasından sonra orada yerləşəcək ABŞ hərbçiləri bu təlimlərlə indidən kəşfiyyat işini həyata keçirilər.
- Sizcə, daha çox qlobal siyasəti deyil, daxili problemləri həll etməyi prioritet hesab edən Donald Tramp hakimiyyətə gəlsə, rəsmi Vaşinqtonun Cənubi Qafqaz siyasətində, ələlxüsus Ermənistanla bağlı mövqeyində dəyişiklik olacaq?
- Düşünürəm ki, Ağ Evə kimin rəhbərlik etməsindən asılı olmayaraq, ABŞ-nin Cənubi Qafqaz siyasəti dəyişməyəcək. Çünki söhbət təkcə Rusiyadan deyil, həm də Çindən gedir. ABŞ özünün Cənubi Qafqaz siyasətinə Orta Asiya ölkələrinə çıxış əldə etmək imkanı kimi baxır. Orta Asiyaya təsir baxımından isə Rusiya tək deyil, burada həm də Trampın prioritet olaraq zəiflədilməsinin vacibliyini qeyd etdiyi Çin də var. Odur ki, həm Cənubi Qafqaza Rusiyanın, həm də Orta Asiyaya Rusiya və Çinin təsir imkanlarını azaltmaq üçün bu regionda təmsil olunmaq və Çinin "Bir kəmər - bir yol" layihəsinin Orta Dəhlizinə nəzarət etmək hər zaman ABŞ üçün prioritet olaraq qalacaq.
Bunun müqabilində Rusiyanın atacağı addımlar, təbii ki, maraq doğurur. Amma Ermənistanın bu günə qədər Rusiyanın "qırmızı xətlərini" aşacaq addımlar atmaması, quru bəyanatlardan o yana keçməməsi, Ermənistandakı Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı isə bircə dəfə də olsun eyham belə vurmaması Rusiyanı da hələ ki bəyanatlara, sadəcə, bəyanatlarla cavab verməyə məcbur edir. Ermənistan tərəfdən bu istiqamətdə konkret addımlar atılacağı halda, şübhəsiz ki, Rusiya tərəfdən də, hər nə qədər başı Ukrayna müharibəsinə qarışsa da, müvafiq addımlar atılacaq. Söhbət hərbi gücdən yox, iqtisadi rıçaqlardan gedir. Bunun üçün isə Rusiyanın əlində kifayət qədər imkanlar var.
- Proseslər bu şəkildə cərəyan etsə, üstəlik, ABŞ-nin Rusiyadan uzaqlaşdırıb öz himayəsinə aldığı ölkələrin aqibətini də nəzərə alsaq, Ermənistanı da eyni təhlükə gözləyirmi?
- Rusiyanın Ermənistana qarşı hətta silahlı gücdən istifadə etmədən belə, təkcə iqtisadi rıçaqları işə salması, İrəvanı Gürcüstan və Ukraynadan da pis vəziyyətə sala bilər. Çünki Ermənistan Tbilisi və Kiyevdən fərqli olaraq, dalan dövlətidir. Ermənistandan fərqli olaraq, Ukraynanın öz iqtisadi gücünü həyata keçirmək üçün potensialı var, o cümlədən Gürcüstanın. Gürcüstan bu gün enerji təhlükəsizliyi və qida təhlükəsizliyi baxımından Rusiyadan asılı deyil. Bu gün Gürcüstan ərazisində Rusiya hərbçiləri yoxdur. Üstəlik, Gürcüstanın sərhədlərini də Rusiya sərhədçiləri qorumurlar.
Bütün bunlara baxanda Ermənistanın aqibətinin daha acınacaqlı olacağını deyə bilərik. İrəvanın yeganə çıxış yolu var və bu çıxış yoluna biz həm də ABŞ-nin öz maraqlarını təmin etməsi üçün yeganə imkan kimi nəzər yetirə bilərik. Bu da ondan ibarətdir ki, Ermənistan tezliklə Azərbaycanın şərtləri ilə sülh sazişini imzalasın, nəqliyyat dəhlizləri blokadadan çıxarılsın və bunun fonunda Türkiyə ilə sərhədlər açılsın.
Bunlar baş verəcəksə, Ermənistan həm regional layihələrdə iştirak edəcək, həm ayrı-ayrı ölkələrə Azərbaycan və Türkiyədən keçən dəhlizlər, yollar vasitəsilə çıxış imkanı əldə edəcək, ən nəhayət, bu gün Ermənistanın Rusiyadan asılı olan enerji təhlükəsizliyini Azərbaycan, qida təhlükəsizliyini Türkiyə sığortalaya bilər. Eləcə də bu, digər sahələrə də aiddir. Yəni bu gün Ermənistan-Türkiyə sərhədinin açılması faktiki olaraq Rusiyanın iqtisadi təzyiq rıçaqlarını sıfıra endirə bilər. Bunun nəticəsidir ki, Birləşmiş Ştatlar tərəfindən davamlı olaraq tez bir zamanda sülh sazişinin bağlanması, dəhlizin blokadadan çıxarılması, Türkiyə ilə sərhədlərin açılması ilə bağlı təzyiqlər edilir. Çünki bu, yeganə imkandır və əks halda sülh olmayacaq, sərhədlər açılmayacaqsa, Ermənistanın aqibəti Ukraynadan qat-qat ağır olacaq.
Aqil Vəlili