“Heykəltəraş tələbələrin yaradıcılığında şəhər özünüifadəsi” adlı beynəlxalq tələbə sərgisinin iştirakçıları arasında keçirilən seçmə müsabiqənin qalibləri məlum olub.
“Şəhər özünüifadəsi: tələbə heykəltəraşlarının sərgisi” şəhər heykəltəraşlığı sahəsində yeni yetişən rəssamların əsərlərini əks etdirən tələbə işlərindən ibarət sərgidir.
Sərgidə şəhər heykəltəraşlığı və müasir bədii-dekorativ cərəyanlarla bağlı yeni konsepsiyalar təqdim olunub.
Bu müsabiqənin məqsədi paytaxtın müasir mədəni mühitinin gənc heykəltəraşların yaradıcılığı prizmasından işıqlandırmaq olub.
Tədbirdə dünyanın müxtəlif yerlərindən tələbə-heykəltəraşlar iştirak ediblər.
Beynəlxalq münsiflər heyəti onlayn müsabiqə yolu ilə sərgi nümunələrinə qiymət verib.
Sərgidə şəhər mühiti üçün nəzərdə tutulmuş heykəllərin eskizləri nümayiş etdirilib.
Seçmə mərhələnin qalibləri:
I yer
Nuridə İsmayılova – “Görüş” (Azərbaycan)
Beka Çxaidze – “Dəmir dövrü” (Gürcüstan)
II yer
Zaur Qəhrəmanov – “Qarabağ atı” (Azərbaycan)
III yer
Taliko Toidze - “Xəyalpərəst” (Gürcüstan)
Müsabiqə işləri beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilib:
Arçil Kurdiani (Gürcüstan) - memarlıq üzrə fəlsəfə doktoru, professor, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü; Zviad Mçedlişvili (Gürcüstan) - Gürcüstanın Əməkdar memarı, heykəltəraş, “Creative Solution” şirkətinin həmtəsisçisi və baş direktoru, “Creative Way” rəqəmsal müəssisəsinin təsisçisi; Natiq Əliyev (Azərbaycan) - professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycanın Xalq rəssamı;
Səlhab Məmmədov (Azərbaycan) - professor, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, Azərbaycanın Xalq rəssamı; Oleq Sleptsov (Ukrayna) – akademik, professor, Ukrayna Memarlıq Akademiyasının prezidenti, Ukraynanın Xalq memarı, memarlıq üzrə Dövlət mükafatı laureatı, memarlıq elmləri doktoru;
Aleksandr Mixaylitski (Ukrayna) - heykəltəraş, Ukrayna Xalq Rəssamları İttifaqının üzvü, Ukrayna Milli İncəsənət və Memarlıq Akademiyasının baş müəllimi; Lukas Rekyaviçüs (Litva) “Aketuri arxitektai” şirkətinin təsisçi tərəfdaşı, Litva Respublikasının memarı, layihə meneceri, irs qoruyucusu və memarlıq eksperti kimi hüquqi sertifikatlara malikdir.
Qeyd edək ki, eksponatlar Merab Berdzenişvilinin “Muza” Beynəlxalq Mədəniyyət Mərkəzində sərgilənir.
Bu tələbə sərgisi bütün yeni başlayan heykəltəraşlar üçün maraqlı hadisə olacaq. Çünki bu, onlara öz yaradıcılıqlarını nümayiş etdirməyə, müxtəlif ölkələrin tələbələri və mütəxəssisləri ilə əlaqə yaratmağa, biliklərini zənginləşdirməyə və fikir mübadiləsi aparmağa imkan verəcək.
Rəylər