Bakının Qaradağ rayonunda anasını qəsdən öldürməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Şükürzadə barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Modern.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Anar Sadıqovun icraatına verilib. Kamran Şükürzadə barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi açılıb.
Xatırladaq ki, iyulun 20-də saat 7 radələrində Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla şəxsi münasibətlər zəminində Aybəniz Şükürovanın oğlu anasını bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməkdə şübhəli bilinib.
Qeyd edək ki, sözügedən maddə ilə ittiham edilən şəxslərin cinayəti sübut edilərsə, şəxs on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Rəylər