"Azərbaycanda "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın reallaşması nəticəsində ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4%, qeyri-neft-qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq".
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov bildirib.
O qeyd edib ki, özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq:
"Eyni zamanda, strategiyaların icrası nəticəsində ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12%-dən 12,3% -ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25%-dən 15%-dək azaldılacaq. İqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadə genişləndiriləcək".
H.Hüseynov iqlim dəyişikliyi ilə bağlı risklərin qlobal kapital bazarlarında vurduğu zərərdən bəhs edib.
O qeyd edib ki, Dünya Bankının hesablamalarına görə, 2023-cü ildə iqlim dəyişikliyi ilə bağlı risklər qlobal kapital bazarlarına 300 milyard ABŞ dolları zərər vurub.
"İqlim dəyişikliyi nəticəsində sığorta sektoru da ciddi təsirə məruz qalıb. 2021-ci ildə iqlimlə bağlı hadisələrə görə sığorta ödənişləri 120 milyard ABŞ dolları olub. İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel (Intergovernmental Panel on Climate Change - IPCC) hesab edir ki, iqlim dəyişikliyinə nəzarət edilməzsə, 2100-cü ilə qədər qlobal ümumi daxili məhsul 3%-ə qədər azala bilər. Bəzi hesablamalara görə, 2050-ci ilə qədər iqlim dəyişikliyi dünya iqtisadiyyatına ildə 2,5 trilyon ABŞ dolları ziyan vuracaq. İqlim dəyişikliyi səbəbindən yaranan səhiyyə problemləri isə 2030-cu ilə qədər dünya iqtisadiyyatına ildə 2-4 milyard ABŞ dolları ziyan vuracaq".
Nazirlik rəsmisi COP29-un önəmindən bəhs edərək medianın işinin vacibliyinə diqqət çəkib:
"Sadə nümunə göstərsəm, hər zaman işə başlamazdan öncə xəbərləri oxumaq üçün mediaya nəzər salırıq. Yaxşı təşəbbüsdür ki, artıq saytlar COP29 bölməsi yaradıblar. Çox rahatlıqla biz COP29 barədə xəbərləri həmin bölməyə keçid edərək oxuya bilirik".
Aygün Mirakif