Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakı-Tbilisi-Qars marşrutunun modernləşdirilmiş xətti ilə ilk yük qatarı Qarsa çatıb
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstandan keçən bəzi hissələrində modernləşdirmə və genişləndirmə işlərinin başa çatması ilə yük daşımaları yenidən başlayıb.
Belə ki, Azərbaycandan hərəkət edən 20 konteynerdə 632 ton plastik xammal daşıyan qatar bu gün Qars Dəmir Yolu Vağzalına çatıb. Orada gömrük mühafizə əməkdaşları tərəfindən yoxlanışdan sonra isə yük Qars Logistika Mərkəzinə aparılıb.
Qeyd edək ki, Türkiyə, Gürcüstan və Azərbaycanın əməkdaşlığı ilə 30 oktyabr 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılan xətt ölkənin dəmir yolu ilə xarici ticarət yolu mövqeyində yerləşir. Bakıdan başlayaraq Gürcüstanın Tbilisi və Axalkalaki şəhərlərindən keçərək Qarsa uzanan 829 kilometrlik dəmir yolu xətti sayəsində Avropa ilə Çin arasında yük daşımaları fasiləsiz həyata keçirilir.
BTQ xətti Gürcüstanın yol təmir işləri tələbi səbəbindən 2023-cü ilin may ayında bağlanmışdı.
Mənbə: "Anadolu" Agentliyi