Ueyn Runi yenidən İngiltərənin "Mançester Yunayted" klubunun formasını geyinəcək.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, keçmiş futbolçu "Old Trafford"da Şotlandiyanın "Seltik" klubu ilə baş tutacaq xeyriyyə matçında iştirak edəcək.
Matçda onun keçmiş komanda yoldaşları Maykl Kerrik, Darren Fletçer, Pol Skoulz, Niki Batt, Dimitar Berbatov və Antonio Valensiya da oynayacaqlar. Komandanı meydana Brayan Robson çıxaracaq.
Qarşılaşma sentyabrın 7-də keçiriləcək.
Xatırladaq ki, 38 yaşlı keçmiş hücumçu 2004-cü ildən 2017-ci ilə qədər "Mançester Yunayted"in formasını geyinib. Bu müddətdə komandanın heyətində meydana çıxdığı 559 oyunda 253 qol vurub. 2017-ci ildə "Mançester Yunayted"dən "Everton"a transfer olunub. U.Runi 2021-ci ildə futbolçu karyerasını başa vurub.
Qeyd edək ki, o, hazırda Çempionşipdə çıxış edən "Plimut Arqayl" klubunu çalışdırır.
Rəylər