“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.
Bunu “BBC”yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib.
O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o, sonunda sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.
15.05.2024
Slovakiyanın Baş naziri Robert Fitso süni koma vəziyyətinə salınıb.
“Onun vəziyyəti ağırdır”, - deyə Slovakiya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
Qeyd edək ki, Fitsonun uğurla əməliyyat olunduğu və vəziyyətinin stabil olduğu barədə məlumatlar təsdiqlənməyib. Baş nazirin daxili orqanları zədələnib.
Mənbə: Sputnik
22:35
Slovakiyanın Baş naziri Robert Fitsoya hücum edən 71 yaşlı yazıçı Yuray Sintulanın oğlu məsələ ilə bağlı fikirlərini bölüşüb.
“Atamı buna nəyin sövq etdiyini, planlarının nə olduğunu və onu buna nəyin vadar etdiyini həqiqətən başa düşə bilmirəm”, - deyə Sintulanın oğlu bildirib.
Atasının Fitsoya qarşı antipatiyasının olub-olmadığını soruşduqda isə, oğlu birbaşa cavab verməkdən yayınıb.
“Sizə bunu deyim - atam seçkilərdə onu dəstəkləməyib. Deyə biləcəyim tək şey budur”, - deyə o şərh edib.
O qeyd edib ki, atası əvvəllər siyasətçiyə qarşı sui-qəsd cəhdindən danışmayıb, təcavüzkarın psixiatriya klinikasında xəstə olması ilə bağlı yayılan xəbərləri təkzib edib və atasının silah sahibi olmaq üçün rəsmi icazəsinin olduğunu təsdiqləyib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb. Helikopterlə Bratislavaya aparılan baş nazir artıq əməliyyat olunub. Onun vəziyyəti stabil qiymətləndirilir.
Mənbə: Aktuality
22:11
“Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd siyasi motivlərlə həyata keçirilib”.
Bunu siyasətçiyə atəş açan yazıçı Yuray Sintula bəyan edib.
“Mən hökumətin siyasəti ilə razı deyiləm”, - deyə o bəyan edib.
O da bildirilib ki, baş nazir artıq əməliyyat olunub. Onun vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, sui-qəsdə məruz qalaraq güllələnən hökumət başçısının huşu yerindədir
21:44
Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən şəxsin onların partiyasının üzvü olması ilə bağlı yayılan xəbərləri təkzib ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Slovakiya KİV məlumat yayıb.
“Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Onun həmçinin partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”, - deyə partiyanın bəyanatında deyilir.
20:12
Slovakiyanın Baş naziri Robert Fitsonun güllələnmə anının videosu yayılıb.
Kadrlarda 71 yaşlı müxalif yazıçı Yuray Sintula hökumətin iclasından sonra tərəfdarları ilə əl sıxmaq üçün çölə çıxan Fitsoya bir neçə dəfə atəş açdığı görünür.
Qeyd edək ki, hazırda baş nazirin vəziyyəti ağır olaraq qiymətləndirilir.
19:08
Slovakiya baş nazirinə atəş açan şəxsin 71 yaşlı yazıçı Yuray Sintulanın olduğu məlum olub.
O, liberal “Proqressiv Slovakiya” partiyasının tərəfdarıdır.
Sintula sosial şəbəkələrdə solçulara, son illərdə isə şəxsən Fitsoya nifrətini açıq şəkildə ifadə edib.
Hazırda Fitso əməliyyat olunur. Onun partiyasının nümayəndələrinin fikrincə, qarşıdakı saatlar həlledici olacaq.
Sui-qəsd cəhdi ilə əlaqədar Slovakiya Prezidenti Peter Pelleqrini xarici səfərini yarımçıq qoyaraq vətəninə qayıdır.
Mənbə: Shot
17:31
Slovakiyanın Baş naziri Robert Fitso döş qəfəsi və qarın nahiyəsindən çoxsaylı güllə yarası alıb.
Helikopterlə Bratislavaya aparılan baş nazirin vəziyyətinin çox ağır olduğu bildirilir.
Slovakiya Prezidenti Zuzana Çaputova baş nazirə edilən bu qəddar hücumu pisləyib.
Şahidlərin dediklərinə görə, Fitso Nazirlər Kabinetinin iclasından sonra xalqın qarşısına çıxdığı zaman ard-arda üç-dörd güllə səsi eşidilib.
17:14
Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma olub.
Məlumata görə, Baş nazir Robert Fitso atışma zamanı yaralanıb. Onu xəstəxanaya aparırlar.
Qeyd edək ki, atəş açanın artıq saxlanıldığı bildirilir.
Mənbə: Vesti, “Plus ONE DAY”
Rəylər