Xəstəxanada yatdığını gizlədən Pentaqon rəhbərinin daha bir olayı məxfi saxladığı üzə çıxıb. Belə ki, onun xərçəng xəstəliyinə tutulduğunu yanvarın 9-na qədər Ağ Evdə heç kim bilməyib.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden Pentaqonun rəhbərinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı ötən həftə, Milli Təhlükəsizlik Bürosundan bir gün sonra məlumatlandırılıb.
Ağ Ev sözçüsü diaqnozun və xəstəxanaya yerləşdirilmənin gizlədilməsi faktına baxmayaraq, Baydenin Ostinə tam etibar etdiyini vurğulayıb.
“Mən konkret situasiyada xüsusi şəxsi toxunulmazlıq hüququ ilə bağlı prezidentin düşüncələrinə müdaxilə etmək fikrində deyiləm. Prezident ilk növbədə nazir Ostindən narahatdır, Bayden onun Müdafiə Nazirliyinə rəhbərlik etmək qabiliyyətinə tam əmindir və sevinir ki, Pentaqon rəhbəri sağalmaq üzrədir”, - deyə Kirbi vurğulayıb.
O, həmçinin, Ostinin vəziyyətinin ABŞ-nin təhlükəsizlik maraqlarını təhdid etmədiyini bildirib, nazirin xəstəxanaya yerləşdirilməsi zamanı Silahlı Qüvvələrin hərbi əməliyyatlar apardığını qeyd edib.
Kirbi xatırladıb ki, yanvarın 4-də ABŞ hərbçiləri Bağdadda iranyönümlü şiə hərəkatı “Hizbullah əl-Nucaba” komandirlərindən birinin ölümünə səbəb olan zərbələr endirib, əlavə olaraq ABŞ ordusu Qırmızı dənizdə pilotsuz təyyarələri və raketləri vurub.
“Bütün bu müddət ərzində o (Ali Baş Komandan Bayden) buna nəzarət edib”, - deyə Ağ Ev nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, yanvarın 1-i axşam Ostin “Uolter Rid” Milli Tibb Mərkəzində (Meriland) xəstəxanaya yerləşdirilib, yanvarın 2-də isə onun bəzi səlahiyyətləri Ketlin Hiksə verilib. Onun xəstəxanada olması barədə hətta ABŞ Prezidenti Co Baydenin də xəbəri olmayıb. Ağ Ev rəhbəri bu barədə yanvarın 4-də, rəsmi press-reliz dərc edilməzdən cəmi 15 dəqiqə əvvəl xəbər tutub. Sonradan ABŞ Dövlət katibi Antoni Blinken də bu məsələdən gec xəbər tutduğunu etiraf edib.
Ostinin davranışının Ağ Ev administrasiyasında böyük narazılığa və sarsıntıya səbəb olduğu vurğulanıb. ABŞ Nümayəndələr Palatasında respublikaçı Mett Rozendeyl müdafiə nazirinin impiçmenti üçün qətnamə təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Mənbə: TASS
Rəylər