Rusiyada yaşayan məşhur azərbaycanəsilli bloqer Hüseyn Həsənovun Rusiya Federal Vergi Xidməti (FVX) qarşısındakı borcu 13.6 milyon rubl (213.1 min manat) azalaraq təxminən 98 milyon rubla (təxminən 1.8 milyon manat) enib.
Oxu.Az xəbər verir ki, bu barədə "Izvestiya" nəşri bloqerin qeydiyyat sənədləri ilə tanış olduqdan sonra məlumat yayıb.
Məlumata görə, hazırda Hüseyn Həsənovun ümumi vergi borcu 98 milyona yaxındır. Bundan əvvəl, avqustun 9-da bloqer borcunu 9 milyon rubl azaltmışdı və o zaman borc 111 milyon 550 min rubldan (təxminən 2 milyon manat) bir qədər çox idi.
Xatırladaq ki, iyun ayında Moskva FVX-si Hüseyn Həsənov əleyhinə 144.8 milyon rubl (təxminən 2.7 milyon manat) məbləğində borc iddiası ilə məhkəməyə müraciət etmişdi. Bloqerin ödənilməmiş vergi borclarının olması barədə idarəyə may ayında məlum daxil olub. Hüseyn Həsənov vergi bəyannaməsini təqdim etmədiyi üçün onun restoranlar və yemək çatdırılması ilə məşğul olan şirkətinin hesabları bloklanıb.
Qeyd edək ki, Hüseyn Həsənov son illərdə ən populyar azərbaycanlı bloqerlərdən biridir. O, 2013-cü ildən etibarən "Instagram" və "YouTube"da fəaliyyət göstərir, müxtəlif mövzularda videolar çəkir. Onun "Instagram"da 6 milyondan çox, "YouTube"da isə 2 milyona yaxın izləyicisi var.
Rəylər