Güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən Valensiyada ən azı 50 nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "ABC" qəzeti polis mənbələrinə istinadən məlumat yayıb.
Daha əvvəl İspaniya Mülki Qvardiyası 13 nəfərin həlak olduğunu təsdiqləyib.
Albasetedə altı nəfərin axtarışı davam etdirilir. Fırtına həmçinin dəmir yolu əlaqəsinin pozulmasına və təyyarə reyslərinin ləğvinə səbəb olub. Hazırda fırtına və daşqından zərər çəkən ərazilərdə hərbçilərin iştirakı ilə xilasetmə işləri aparılır.
İspaniyanın Valensiya muxtar birliyində yağan güclü leysan genişmiqyaslı daşqınlara səbəb olub və insan tələfatı ilə nəticələnib. Hakimiyyət orqanları bir neçə cəsədin tapıldığını təsdiqləyib, lakin qohumları məlumatlandırana qədər ölənlərin dəqiq sayı açıqlanmır.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Regional hökumətin başçısı Karlos Mazon jurnalistlərlə söhbətində vəziyyəti misli görünməmiş kimi xarakterizə edib.
"Biz heç kimin xatırlamadığı misli görünməmiş vəziyyətlə üzləşmişik", - deyə o bildirib.
Əvvəlki gün hakimiyyət orqanları Valensiya və Albasete əyalətlərində itkin düşmüş yeddi nəfərin bütün gecə dronlarla axtarıldığını bildirmişdi.
İspan mediasının məlumatına görə, bəzi rayonlarda bir gün ərzində aylıq normadan çox yağıntı düşüb. Bu, bir çox ərazilərin su altında qalmasına, dəmir yolu və hava nəqliyyatının pozulmasına səbəb olub.
Rəylər