Həştərxanda IX Xəzər Media Forumu çərçivəsində Xəzəryanı ölkələr arasında informasiya mübadiləsinə dair razılaşmanın əldə olunması məsələsi müzakirə olunacaq.
"Report"un Həştərxana ezam olunmuş əməkdaşının məlumatına görə, bunu IX Xəzər Media Forumunda çıxış edən vilayətin vitse-qubernatoru Pavel Pautov deyib.
Öz növbəsində TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman vurğulayıb ki, forumda Xəzəryanı Dövlətlərin İnformasiya Agentlikləri Alyansının yaradılması ilə bağlı müzakirələr də aparılacaq.
Forumda çıxış edən Azərbaycan mədəniyyət nazirinin birinci müavini Fərid Cəfərov Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələri nəzərə çatdırıb. Bura məktəblərin yenidən qurulması və genişləndirilməsi, parkların salınması və s. daxildir.
O vurğulayıb ki, Həştərxan Forumu artıq doqquzuncu dəfə keçirilir və mövcud olduğu bütün dövr ərzində dialoq platformasına çevrilib.
Azərbaycanın mədəni irsinə gəlincə, nazir müavini qeyd edib ki, Azərbaycan mədəniyyətinin 23 elementi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilib. O cümlədən onlardan 9-u Xəzəryanı ölkələrlə birgə daxil edilib: "İndi Azərbaycanın mədəni inkişafı və mədəni irsinin qorunub saxlanması üçün əsas prioritet ölkənin işğaldan azad edilmiş ərazilərində mədəni irs abidələrinin bərpasıdır. Bu istiqamətdə fəal siyasət aparılır. Xüsusilə, artıq bir neçə ildir ki, Şuşada Xəzəryanı ölkələrin iştirak etdiyi Xarıbülbül festivalı keçirilir".
O, həmçinin bildirib ki, su hövzələrində suyun səviyyəsinin qalxması, daşqınlar və ümumilikdə bu kimi təbii fəlakətlər mədəni irs üçün təhlükə yaradır:
"Ona görə də belə fəlakətlərin qarşısının alınması üçün birgə tədbirlərin həyata keçirilməsi vacibdir".