"Türkiyə ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında üç sahədə əməkdaşlıq potensialı görürük".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş iqtisadçısı Canpin Tia Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı verdiyi müsahibədə deyib.
"Birinci sahə hökumətlə sıx əməkdaşlıq etməkdir. Məsələn, bərpaolunan enerji, iqlim dəyişikliyi tipli islahatları inkişaf etdirmək və daha sonra bunu həyata keçirmək üçün hökumətə maliyyə təmin etmək", - Tia bildirib.
O, ikinci sahənin maliyyə qurumları ilə yaxından işləmək olduğunu qeyd edib.
"Türkiyənin çoxyönlü maliyyə sektoru var. Bu, AİİB-in əvvəllər çata bilmədiyi bir çox müştəriyə çatmasına imkan verir", - iqtisadçı vurğulayıb.
Tia Türkiyə ilə üçüncü əməkdaşlıq sahəsini mühəndislik, tədarük və tikinti sektorları olduğunu bildirib.
"Türk şirkətlərinin təkcə Türkiyədə deyil, Orta Asiyada və bir çox bölgədə layihələri var. Bu layihələrin icrasında davamlılığa üstünlük verilməsi bölgəyə və iqlim dəyişikliyinə müsbət töhfələr verəcək. AİİB-in Türkiyə ilə sıx əməkdaşlığı üçün çoxlu imkanlar görürəm", - o yekunlaşdırıb.
Rəylər