Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Bayramı münasibətilə keçirilən Milli Müdafiə Nazirliyi Quru Qoşunları Məktəbinin 175-ci məzuniyyət tədbirində Azərbaycandan olan şəhid ailələrinin üzvləri ilə görüşüb.
Bu barədə Oxu.Az-a "YAŞAT" Fondundan məlumat verilib.
Qeyd olunub ki, görüş fondun, "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı - "Azərbaycan Hava Yolları"nın tərəfdaşlığı ilə baş tutub.
Tədbirin sonunda Ərdoğan deyib: "Can Azərbaycanla bir və bərabər olduğumuz kimi, türk cümhuriyyətlərindəki bütün qardaşlarımızla da ürəyimiz eyni döyünür".
Sonra şəhidlərin ailə üzvləri R.T.Ərdoğanın şəxsi dəvəti əsasında Prezident Sarayında təşkil olunan Zəfər Bayramı özəl konsert proqramında iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətlərinə, eləcə də iki ölkə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.