Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen yeni komissiyanın formalaşdırıldığını açıqlayıb.
Bu barədə Oxu.Az URA.ru-ya istinadən xəbər verir.
Məlumata görə, yeni komissiyaya əsas təyinatlar arasında Tereza Ribera, Kaya Kallas və Rafael Fitto kimi adlar var.
"Komandamın hər bir üzvü öz təcrübəsini və Avropaya baxışlarını gətirəcək", - deyə Ursula fon der Lyayen "X" hesabında yazıb.
O qeyd edib ki, yeni Avropa Komissiyasının 40%-i qadınlardan ibarətdir.
İspaniyalı Tereza Ribera Avropa Komissiyasının rəqabət məsələləri üzrə vitse-prezidenti olacaq. Həmçinin, Lyayen Kaya Kallasın xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə, Rafael Fittonun isə AK-nın islahatlara cavabdeh olan müavini vəzifəsinə təyin olunduğunu təsdiqləyib.
Komanda yeniləməsi çərçivəsində digər əsas fiqurlar da təqdim olunub: Litvadan olan Andryus Kubilyus müdafiə və kosmos üzrə Avropa Komissarı vəzifəsinə təklif alıb, Marta Kos Aİ-nin genişlənməsi və Ukraynanın yenidən qurulmasına cavabdeh olacaq, Avstriyadan olan Maqnus Brunner miqrasiya istiqamətinə rəhbərlik edəcək, Danimarkadan olan Dan Yorgensen isə enerji məsələləri ilə məşğul olacaq.
Rəylər