Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının koordinasiyası və ev sahibliyi, "Agro Dairy"nin qızıl sponsorluğu ilə 24-25 sentyabr tarixlərində Bakı şəhərində "IAOM Eurasia" Konfransı və Sərgisi baş tutub.
Bakı şəhərində ilk dəfə, ümumilikdə isə 3-cü dəfə keçirilən Beynəlxalq Əməliyyatçı Dəyirmançılar Assosiasiyası (IAOM) Konfransının açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı ilə yanaşı, Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri Səbuhi Sadıqov, Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri, "Agro Dairy"nin baş icraçı direktoru Niyazi Əmirbəyov, IAOM Amerika Birləşmiş Ştatları prezidenti Fran Çörçil və IAOM Avrasiya direktoru Eren Günhan Ulusoy çıxış ediblər.
Regionun 32 ölkəsindən buğda və un sənayesinin lider və peşəkarlarını bir araya gətirən təşkilatın növbəti konfransında "Avrasiya regionunda taxıl bazarlarının makroiqtisadi təsiri", "Qafqaz regionunda taxıl və un bazarının dinamikası", "İnnovasiyanın və rəqəmsal transformasiyanın irəli aparılması", "Dəyirmançıların dayanıqlıq perspektivi" mövzularında sahə üzrə lider və peşəkarların iştirakı ilə panel müzakirələr aparıldı.
250 şirkət və 500 nəfər nümayəndənin iştirakı ilə baş tutan tədbirin sərgi hissəsində taxıl istehsalçıları, un emalçıları və ticarət nümayəndələri bir araya gələrək əməkdaşlıq münasibəti qurma şansı əldə etdilər.
Ölkəmizdə keçirilməsi böyük önəm kəsb edən "IAOM Eurasia" Konfrans və Sərgisi dənli bitkilərin emalı və müvafiq avadanlıqların istehsalı sənayeləri üzrə maraqlı tərəfləri bir araya gətirərək, müasir bazar trendlərinin müzakirə edilməsi, qarşılıqlı fikir mübadiləsinin aparılması, yeni əməkdaşlıq münasibətlərinin qurulması və razılaşmaların əldə edilməsi üçün imkanlar təşkil edib.
Qeyd edək ki, bu il ölkəmizdə baş tutacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri ilə əlaqədar olaraq, "IAOM Eurasia" Konfransı və Sərgisinin əsas mövzusu "Dəyişən İqlimdə Davamlı Ərzaq Təhlükəsizliyi" olmuşdur.
Rəylər