Xalq artisti Ağadadaş Ağayevin baltalı hücum etdiyi mühafizəçi Nurəddin Cəlilovla üzləşdirilib. Üzləşdirmə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutub. 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı "məişət əşyası" adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.
Musavat.com əməkdaşı məsələ ilə bağlı Ağadadaş Ağayevlə əlaqə saxlamağa cəhd edib. Lakin xalq artisti zənglərimizi cavabsız qoyub.
Yada salaq ki, bu il iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov TV Musavat-ın qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və bu hərəkətinə görə üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti hələ ki reaksiya verməyib. Onun vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib.
Xatırladaq ki, insidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev "MedEra" hospitalının yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:
"Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən "MedEra" hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl?", - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı". Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o, əlində balta "MedEra" hospitalının həyətinə doğru irəliləməyə başlayıb:
"Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!" ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir və mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə "MedEra"ya daxil olmurdu? Məni 3 dəfə balta ilə "MedEra"nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?"
Rəylər