Son günlər Baş nazirin taksilərlə bağlı imzaladığı qərardan sonra ölkəyə gətirilən yeni avtomobillərin sayı artıb. Ölkəmizə daxil olan avtomobillərin qeydiyyatı isə bütün sürücülərin "Meyvəli" kimi tanıdığı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində həyata keçirilir.
Bəs bu idxal prosesi necə başlayır və necə bitir?
Ölkəmizə daxil olan avtomobillərin qeydiyyat prosesi ilə yerində tanış olmaq üçün Oxu.Az-ın əməkdaşları Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində olublar.
Gömrük Nəzarəti və Qeydiyyat Şöbəsinin həyətində ölkəyə gətirilən xeyli avtomobil var. Hamısı rəsmiləşmə üçün öz növbəsini gözləyir. Burada avtomobillər onları gətirən nəqliyyat vasitələrinin üzərindən boşaldılır və müvafiq ərazidə park olunur.
Öyrənirik ki, həmin avtomobillərin park edildiyi yerlər nömrəlidir və gömrük əməkdaşları GPS vasitəsilə onların yerini dəqiq təsbit edə bilirlər.
Ərazidə rəsmiləşdirmə prosesini gözləyən nəqliyyat vasitələrindən əlavə, ekspertizadan keçməyən, bəyannamə yazılmayan və yaxud sahiblərinin hansısa səbəbdən hələ ki gəlib götürmədikləri nəqliyyat vasitələri də var.
Həmsöhbətimiz, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 3-cü şöbəsinin rəisi Beyrək Məmməd "Sərhədi keçən avtomobil gömrük zonasına neçə müddətə daxil olmalıdır?" sualımıza cavabında bildirir ki, ölkəyə gətirilən avtomobillər keçdikləri sərhəd gömrük orqanından mal və nəqliyyat vasitələrinə verilən müddət ərzində gömrük zonasına, təyinat ünvanına çatdırılmalıdır:
"Onlara sərhəd gömrük orqanı tərəfindən məsafədən asılı olaraq 24, 36 və 72 saat müddət verilir. Həmin müddət ərzində avtomobil gömrük zonasına daxil olmalı və onun sənədləri gömrük əməkdaşına təqdim edilməlidir.
Malların çatdırılması üzrə qeydiyyat Gömrük Nəzarəti və Qeydiyyat Şöbəsində təsdiq olunur. Bu o deməkdir ki, artıq nəqliyyat vasitələri və ya mallar gömrük zonasına daxil oldu. Avtomobil və ya malların çatması təsdiq olunduqdan sonra isə mal sahibi və ya onun qanuni nümayəndəsi sənədlərlə birlikdə digər prosesləri həyata keçirmək üçün rəsmiləşdirmə prosesinə başlayır".
Maraqlıdır, görəsən, olurmu ki, vətəndaş avtomobili sifariş verir, avtomobil gömrük ərazisinə daxil olur və sahibi hər hansısa səbəbdən onu götürməkdən imtina edir? Olursa, adətən, hansı səbəblərdən bu hal baş verə bilər?
Gömrük rəsmisi bildirir ki, belə hallar da istisna deyil. Səbəblər müxtəlif ola bilər: olur ki, mal sahibi ölkədə deyil, olur ki, vaxtı olmur gəlib rəsmiləşdirmə ilə məşğul olmağa, ya da ola bilsin, müəyyən maliyyə çatışmazlıqları olur, gəlib götürə bilmir:
"Bu yerdə bir nüansı da qeyd edim. Bəzən olur ki, ölkəyə avtomobil gətirmək istəyən vətəndaş rüsumları doğru hesablamır və nəticədə ortaya çıxan məbləğ onun gözlədiyindən daha artıq olur. Bu zaman o, sadəcə, avtomobili götürməkdən imtina edir".
Gömrük ərazisindən avtomobil keçirmək istəyənlərdən çox tez-tez eşitdiyimiz bir suala da cavab axtarırıq - gömrük ərazisində qalan avtomobillərə görə sahibkar gömrüyə əlavə pul ödəyirmi?
B.Məmməd bildirir ki, yerhaqqı üçün terminala ödəniş edilir, terminal da özəl bir sahə olduğu üçün bunun gömrüklə hər hansı əlaqəsi yoxdur.
Qeydiyyatdan keçməyən avtomobillərin gömrük ərazisində neçə müddət qalmasına gəlincə, gömrük rəsmisi bildirir ki, avtomobillər istənilən müddətdə gömrük ərazisində qala bilər. Amma burada bir nüans var - ölkə ərazisinə daxil olan avtomobillər 15 gün ərzində heç bir dəbbə pulu ödəmədən rəsmiləşdirilir. 15 gün tamam olduqdan sonra isə dəbbə pulu da hesablanır.
Aydın məsələdir ki, nəqliyyat vasitələri ölkəyə avtodaşıyıcılar vasitəsilə gətirilir.
Həmin avtodaşıyıcılardan boşaldılandan sonra nəqliyyat vasitələrinin sənədləri sahibkarlara təqdim olunur, nəqliyyat vasitəsi sənədlər toplusu ilə birlikdə ərazidəki müvafiq yerdə park olunur, bundan sonra onun sahibi Mərkəzi Gömrük Ekspertizasına yaxınlaşır, oradan nəqliyyat vasitəsinə dair sertifikat əldə edir və yekunda rəsmiləşdirməni başlamaq üçün idarəyə yaxınlaşır.
Maraqlıdır, görəsən, gün ərzində gömrük ərazisinə nə qədər avtomobil daxil olur?
B.Məmməd bildirir ki, günlərdən asılı olaraq bu say dəyişə bilir:
"Həftənin əvvəli 200-250, bəzən 300-ə qədər avtomobil daxil olur. Ortalama götürsək, gün ərzində 180-220 arası avtomobil gömrük ərazisinə daxil olur.
"Bəs bu sayın mövsümə görə dəyişməsi müşahidə olunurmu?" sualına cavabında Beyrək müəllim bildirir ki, mövsümə görə yox, amma aylara görə dəyişə bilir:
"Məsələn, bəzi ölkələrdə uzunmüddətli bayramlar olduğu müddətdə azalma hiss olunur. Yaxud əksinə, bizdə uzunmüddətli bayram tətilləri olanda eyni vəziyyət yaranır. Bayram günlərində sahibkarlar boş yerə avtomobillərini gömrük ərazisində saxlamasınlar deyə çalışırlar, həmin günlərdə gətirməsinlər.
Gömrük işçiləri bayram günlərində növbəli iş rejimində işləyirlər. Amma bayram günlərindəki rəsmiləşdirmədə xidmət haqqı adi günlərlə müqayisədə artıq olduğu üçün sahibkarlara sərf edir ki, mümkün qədər iş günlərində rəsmiləşdirmə aparsınlar".
"Vətəndaşın ölkəyə gətirdiyi avtomobil ekspertizadan keçmədiyi üçün geri qayıtmalıdır. Geri qaytarılma prosesi necə baş verir?" - deyə şöbə rəisindən soruşuruq.
"Əgər avtomobil müvafiq tələblərə uyğun deyilsə, onun geri qaytarılması da sənədləşmə əsasında olur. Yəni nəqliyyat vasitəsinə çıxış verilir, gömrük təminatı ilə yenidən ona müvafiq sərhəd gömrük orqanına çatması üçün müddət verilir. Müddət nəqliyyat vasitəsi hansı sərhəddən çıxacaqsa, ona uyğun olaraq 24-72 saat arasında müəyyən edilir. Həmin müddət ərzində avtomobil ölkədən çıxmalıdır", - gömrük rəsmisi bildirir.
Gəlirik avtomobillərin ekspertiza zolağına. Burada suallarımızı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Daxilolmalara Nəzarət Baş İdarəsi rəisinin müavini Azərxan Əsədli cavablandırır.
Rəis müavini bildirir ki, avtomobillərin ekspertizası zamanı ekoloji normalara uyğunluğu ilə bağlı "Avro-4" standartına uyğun olub-olmaması yoxlanılır, ABC əyləc sisteminin, ən azı bir hava yastığının olması və avtomobillərin səsinin ölçülməsi prosesi həyata keçirilir. Bu dörd tələbə uyğun olan avtomobillər ekspertizadan keçmiş sayılır və rəsmiləşdirilmək üçün tam hazır vəziyyətdə olur.
"Avtomobillər hansı halda ekspertizadan keçməyə bilər?" sualına cavabında isə o qeyd edir ki, Nazirlər Kabinetinin 2 nömrəli qərarına əsasən, əgər avtomobil "Avro-4" tələblərinə uyğun deyilsə və eyni zamanda, NK-nın 94 saylı qərarına əsasən (bu qərar sırf minik avtomobillərinə münasibətdədir), zavod buraxılış tarixi on ildən yuxarı olan minik avtomobilləri ölkə ərazisinə gətirilirsə, onlar ekspertizadan keçə bilməz.
"Bu halda həmin avtomobillər ümumiyyətlə sərhəddən buraxılmır və onların rəsmiləşdirilməsi mümkün sayılmır.
Bir məsələni də diqqətə almaq lazımdır ki, ölkə ərazisinə müvəqqəti gətirilən avtomobillərə buraxılış ilinin on ildən az olması ilə bağlı qərar şamil edilmir", - deyə A.Əsədli vurğulayır.
"Gömrük ərazisində bir avtomobilin ekspertizadan keçməsi nə qədər vaxt alır?" sualına da çox tez-tez rast gəlirik. Öyrənirik ki, bir avtomobilin ekspertizadan keçməsi üçün təxminən 20-25 dəqiqə vaxt sərf olunur. Bu müddət ərzində xüsusi qurğu vasitəsilə onun "Avro-4" standartına uyğun olub-olmaması yoxlanılır.
A.Əsədli qeyd edir ki, Dövlət Gömrük Komitəsi avtomobil sahibləri üçün onlayn şəkildə, yəni ölkə ərazisinə daxil olmadan da "Avro-4" standartının sertifikatının verilməsi xidmətini yaradıb:
"Bu o deməkdir ki, vətəndaşlar xaricdən avtomobil gətirirlərsə, ölkə sərhədini keçmədən də "Avro-4"lə bağlı ilkin sertifikatı ala bilərlər. Bu zaman onlayn şəkildə zəruri məlumatlar - avtomobilin növü, markası, VIN-kodu qeyd olunur və buna əsasən ilkin sertifikat verilir. Ölkəyə gələndən sonra isə Gömrük Nəzarəti və Qeydiyyat Şöbəsində xüsusi avadanlıqlar vasitəsilə yoxlanılır və eyniləşdirmə həyata keçirilir".
Bəs gömrük ərazisinə daxil olan avtomobil ekspertizadan keçmirsə, onu hansı aqibət gözləyir? Öyrənirik ki, qanunun tələbinə əsasən, əgər avtomobil tələb olunan standartlara uyğun olmazsa, onun rəsmiləşdirilməsi həyata keçirilmir və o geri qaytarılır.
A.Əsədli bildirir ki, rəsmiləşməsi mümkün olmasa belə, həmin avtomobil faktiki olaraq vətəndaşın mülkiyyəti hesab olunur:
"Əslində, rəsmiləşməsi mümkün olmadığı üçün o, ölkə ərazisindən kənara çıxmalıdır, amma ola bilər ki, vətəndaş buna razı olmasın. Belə olan halda avtomobil beş il ərzində terminalda qala bilər. Mülki Məcəlləyə əsasən, beş il ərzində biz o avtomobilə toxuna bilmərik. Beş ildən sonra isə yalnız məhkəmənin qərarı ilə həmin avtomobil sahibsiz elan oluna və dövlətin balansına götürülə bilər".
Vurulmuş maşınların ölkəyə gətirilmə prosesindən danışan həmsöhbətimiz qeyd edir ki, bəzən vətəndaşlar bu cür avtomobilləri gətirəndə onları ehtiyat hissəsi kimi rəsmiləşdirmək istəyirlər. Amma həm beynəlxalq, həm də yerli qanunvericiliyə görə, avtomobilin mühərriki olmasa belə, o, nəqliyyat vasitəsi hesab olunur:
"Avtomobilin hər hansı hissəsi - təkəri, qapısı, farası və s. yoxdursa belə, bu onun nəqliyyat vasitəsi olmaması demək deyil. Bu məsələlərdə müəyyən faiz nisbəti var. Əgər avtomobil tam yararsız vəziyyətdədirsə, yenə də ekspertiza orqanına müraciət edilir, ekspertiza onu tam yararsız nəqliyyat vasitəsi elan etdiyi təqdirdə o, ehtiyat hissəsi kimi rəsmiləşdirilə bilər".
"2014-cü ilin aprel ayından etibarən Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkəmizə idxal olunan nəqliyyat vasitələrindən "Avro-4" ekoloji normalarına cavab verməsi tələb olunur. Buna baxmayaraq, hazırda katalizatorsuz avtomobillər niyə gömrükdən buraxılmır?" sualını da gömrük rəsmisinə ünvanlayırıq. Cavab aydın və lakonik olur:
"Çünki avtomobilin katalizatoru yoxdursa, demək, o, birmənalı olaraq ekoloji standarta, ekoloji tələblərə cavab verə bilmir. Bu səbəbdən həmin avtomobillər rəsmiləşdirilə bilməz".
Avtomobillərin ölkəyə gətirilməsində müəyyən yeniliklər də var. A.Əsədli qeyd edir ki, 2024-cü il fevralın 1-dən köhnə minik avtomobillərinə münasibətdə utilizasiya haqqı tələb olunur. Həm idxal zamanı, həm də texniki baxış zamanı avtomobil sahiblərindən həmin haqq alınır. Zavod buraxılış ili dörd ildən yeddi ilə kimi olan minik avtomobillərinə münasibətdə utilizasiya haqqı 400 manat, zavod buraxılış ili yeddi və daha yuxarı olan minik avtomobillərində isə 700 manatdır.
Xaricdən avtomobil gətirənləri maraqlandıran digər məsələlər avtomobillərin gömrük rüsumunun çox olması, eynitipli nəqliyyat vasitələrinə niyə fərqli gömrük rüsumunun hesablanması, elektromobillər və hibrid avtomobillərə münasibətdə hansı yeniliklərin olmasıdır ki, bu barədə ətraflı videosüjetdə:
Son günlər Baş nazirin taksilərlə bağlı imzaladığı qərardan sonra ölkəyə gətirilən yeni avtomobillərin sayı artıb. Ölkəmizə daxil olan avtomobillərin qeydiyyatı isə bütün sürücülərin "Meyvəli" kimi tanıdığı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində həyata keçirilir.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər