"Biz Dərbənddə yaşayırıq. Oğlum 2014-cü ildə 20 yaşında Rusiyada təhsilini yarımçıq saxladı ki, mən Azərbaycanda oxuyub, işləmək istəyirəm. Nəhayət, həmin il Azərbaycana gəlib hərbi təhsil almağa, sonra da ixtisası üzrə işləməyə başladı. Həmişə Azərbaycana xidmət etməyə can atırdı".
Bu sözləri Oxu.Az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrında lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Vəliyulla Əliyevin atası Elman Əliyev deyib.
Onun sözlərinə görə, oğlu döyüşlərə qatılanda artıq hərbçi kimi fəaliyyət göstərirdi:
"Vəliyulla bundan əvvəl 44 günlük Vətən müharibəsində də iştirak etmişdi. Döyüşlərdə qəhrəmancasına vuruşaraq ağır yaralanmışdı. Buna baxmayaraq, həm sona qədər döyüşmüş, müharibə bitəndən sonra isə xidmətinə davam etmişdi. Müharibədən sonra Prezidentin sərəncamı ilə altı medalla təltif edilmişdi. Ona antiterror tədbirləri zamanı şəhid olmaq qismət oldu. Vətənimizin başı sağ olsun!"
"Oğlumla bağlı hər şey - dünyaya gələndən şəhid olana qədər - yadımdadır. Xatirəsi hər gün gözlərimin qarşısından keçir. Onu da deyim ki, uşaq yaşlarından vətənpərvər idi. Sanki şəhid olmaq üçün doğulmuşdu. Nəhayət arzusuna da çatdı", - şəhid atası deyib.
Mərahim Nəsib
Rəylər