Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Masazırda evdə uçulma olub: Xəsarət alanların son durumu AÇIQLANDI
Masazırda uçulma nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, 29.11.2024-cü il tarixində saat 17:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Sağ baldır nahiyəsinin əziyi diaqnozu təyin edilən 1984-cü il şəxsə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilib və vəziyyəti kafi qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
Döş qəfəsinin və bel-oma nahiyəsinin əziyi diaqnozları təyin edilən 1997-ci il təvəllüdlü şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçulma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçulma baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Camal Əzim oğlu Rəsulovun meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçulma nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Rəylər