Şamaxıda keçirilən Hava Şarları Festivalı (Balloon Festival) iyunun 9-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, festivalın ikinci günündə festival çərçivəsində müxtəlif forma və dizaynda hava şarlarının Meysəri kəndi üzərində nümayişi keçirilib.
İzləyicilər hava şarlarının heyranedici görünüşünün şahidi olublar.
Festival zamanı Meysəri kəndindəki "Şirvan Şərabları" kompleksi ərazisində konsert və əyləncə proqramı da təşkil olunub. Burada axşam saatlarına qədər kiçikdən böyüyədək hər kəs müxtəlif əyləncələrə qatılıb, konsert proqramını izləyiblər. Sonda hava şarlarının kompleks ərazisində nümayiş uçuşu olub.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "EZONE" şirkəti tərəfindən təşkil olunan Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın təşkil olunduğu Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
Hava Şarları Festivalı ölkəmizdə ikinci dəfədir keçirilir.