Valideynlər Daşkəsən şəhər 5 saylı körpələr evi - uşaq bağçasında istiliyin olmamasından şikayətçidir.
Onlar bildiriblər ki, hazırda Daşkəsəndə qar yağır, sözügedən bağçada uşaqlar soyuqdan əziyyət çəkirlər:
"Daşkəsən rayonu dağlıq və sərt hava şəraiti olan rayondur. Hazırda qar yağır və havanın temperaturu -5 dərəcədən +3 dərəcəyədək dəyişir. Daşkəsən şəhərində yerləşən 5 saylı uşaq bağçasında bu gün istilik yoxdur. Körpə fidanlar isə soyuqdan donurlar. Ya bu bağçanı birdəfəlik bağlayın, biz valideynlər bilək ki, bağça yoxdur, ya da sizdən artıq dərəcədə xahiş edirəm ki, bir tədbir görəsiniz".
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, bağçanın qazanxana sistemində yaranan nasazlıq qısa zamanda aradan qaldırılacaq:
"Daşkəsən şəhər 5 saylı körpələr evi - uşaq bağçasının qazanxana sistemində kiçik nasazlıq yaranması ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə məlumat daxil olub. Hazırda sözügedən təhsil müəssisəsində təmir işləri həyata keçirilir. Qısa zamanda nasazlıq aradan qaldırılacaq".
Aygün Mirakif
Rəylər