Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bu gün Seyid Əzim Şirvaninin doğum günüdür
Azərbaycanın görkəmli şairi, maarifçi və pedaqoqu Seyid Əzim Şirvaninin doğum günüdür.
Oxu.Az xatırladır ki, Seyid Əzim Şirvani 1835-ci il iyulun 9-da Şamaxının "Qalabazar" məhəlləsində anadan olub.
Yeddi yaşında ikən atasını itirib və Dağıstanın Yaqsay kəndində yaşayan, dindar kimi fəaliyyət göstərən ana babası molla Hüseynin himayəsində böyüyüb. İbtidai təhsilini orada alan Seyid Əzim 1853-cü ildə Şamaxıya qayıdıb. Üç il sonra 21 yaşlı gənc ruhani təhsili almaq üçün İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə gedib. Dünyəvi elmlərə böyük maraq göstərən gənc Seyid Əzim 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edib, 50-ci illərin sonunda vətənə qayıdıb. O, ruhani olmaq fikrindən dönüb və məktəbdarlıqla məşğul olub.
"Əkinçi" qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini burada çap etdirib. "Əkinçi" bağlandıqdan sonra "Ziya", "Ziyayi-Qafqaziyyə" qəzetləri ilə əməkdaşlıq edib.
Seyid Əzim 1877-ci ildə Şamaxıdakı məktəbdə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayıb, qısa fasilələrlə ömrünün sonuna qədər orada işləyib. 1878-ci ildə "Rəbiül-ətfal" (Uşaqların baharı) adlı dərsliyini tamamlayıb.
19-cu əsrin sonlarına doğru Seyid Əzim Şamaxıda yeni üsulla "Məclis" adlı bir məktəb açır. Seyid Əzimin bu məktəbində köhnə mollaxanalardan fərqli olaraq, şagirdlərə Azərbaycan, rus, fars dilləri öyrədilir və müasir elmlərdən ibtidai məlumat verilirdi.
Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində dərs alıblar.
Şairin bədii irsi Azərbaycanca və farsca iki böyük külliyyatdan ibarətdir. Yaradıcılığının çox hissəsini lirik janrda yazılan qəzəllər, öyüd, təmsil və didaktiv mahiyyət daşıyan mənzum hekayələr, düzlük, mərdlik, mətanət, məzlumlara kömək və sair kimi gözəl və nəcib əməlləri əks etdirən şeirlər təşkil edir. İctimai mahiyyət daşıyan satiraları da Seyid Əzimin yaradıcılığında mühüm yer tutur. Onu dövrünün böyük realist şairi kimi tanıdan "Dəli Şeytan", "Məkri-zənan", "Yerdəkilərin göyə şikayəti", "Bəlx qazisi və xarrat", "Elmsiz alim" və sair satiralarıdır.
Maarif sahəsindəki xidmətlərinə görə 1887-ci ildə "Za userdiye" medalı ilə təltif olunub. Maddi ehtiyac içində yaşayan şair medalı yalnız ölümündən 10 gün əvvəl, 1888-ci ilin mayında alıb. Mayın 20-də dünyasını dəyişən şair öz vəsiyyəti ilə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunub.
Rəylər