Bakıda 22 nömrəli sərnişin avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Kadrlarda sözügedən avtobusun sürücüsünün sükan arxasında telefonla danışdığı əks olunub. Onun davranışı sərnişinlərin iradına səbəb olub.
Məlumatı ictimailəşdirən sərnişin qeyd edir ki, sürücü Bakıxanov qəsəbəsindən "8-ci km bazarı"na qədər telefonla danışıb:
"Xanım sərnişinlərdən biri ona sükan arxasında telefonla danışmağın qadağan olunduğunu desə də, sərnişinə qarşı kobudluq edib. Sürücülərin əksəriyyəti sərnişinlərlə mədəniyyətsiz, tərbiyəsizcəsinə davranır. Onun ani diqqətsizliyindən bədbəxt hadisə baş versə, sərnişinlərin başına gələcəklərə görə kim məsuliyyət daşıyır? Sürücü ona irad bildirən sərnişini maşından düşürdü".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan videogörüntü ilə bağlı araşdırma aparılıb:
"22 nömrəli marşrut üzrə fəaliyyət göstərən avtobusun sürücüsünün izahatı alınıb. Daşıyıcı tərəfindən onun barəsində inzibati tənbeh tədbiri görülüb. Digər sürücülərin də təlimatlandırılması barədə AYNA tərəfindən daşıyıcıya tapşırıq verilib".
Bakıda 22 nömrəli sərnişin avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb.
Könül Cəfərli
Rəylər