"Müharibə başlayanda Vüqar bizimlə halallaşıb, Bakı həmlə taboru ilə döyüşlərə yollanıb. Oktyabrın 1-də isə bizə bu daşın üzərində yazılan mesajı göndərib: "Hamınızı çox sevirəm. Özünüzdən muğayat olun. Qəhrəman olmağa gedirik. Allah sizə cansağlığı versin. Zəng etməyin, qəlbimdəsiniz!" Elə həmin gün onun şəhid olması xəbərini aldıq. Cəbrayıl rayonunun Nüzgar kəndində yaralı əsgərlərini döyüş mövqeyindən çıxaranda snayper gülləsinə tuş gəlib, şəhidlik mərtəbəsinə ucalıb".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Vüqar Nəcəfovun atası Aydın Nəcəfov deyib.
"Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Vüqar da 1988-ci ildə, Qarabağ ətrafında gərginlik başlayanda dünyaya gəlib.
Bu ilham da ona məndən keçib. Ta uşaq vaxtlarından həmişə hərbi paltarda gəzirdi. Arzusuna da çatdı. Fəxr edirəm ki, belə bir oğulun atasıyam. Əslində, bu bayram elə onların, valideynlərinin və yadigar qalan övladlarının bayramıdır. Onların övladları böyüyəndə fəxrlə deyəcəklər ki, bu Zəfər bayramında onların atalarının da payı var. Bütün şəhidlərimizin ruhları şad olsun. Şəhidlərimiz həmişə bizimlə olacaqlar. Bütün xalqımıza da əmin-amanlıq arzu edirəm", - şəhid atası deyib.
Mərahim Nəsib
Rəylər